Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Yenicag.az xəbər verir ki, sərəncamla Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.10.8-ci yarımbəndində göstərilmiş məbləğin 10 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılsın.
Sərəncamda bildirilir ki, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Son illər ölkəmizdə əhalinin, xüsusilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi, o cümlədən bu qəbildən olan insanların sağlamlıq, reabilitasiya və yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilmiş və bu istiqamətdə işlər uğurla davam etdirilir. 1997-2017-ci illər ərzində dövlət tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 6000-dən çox mənzil verilib.
www.yenicag.az