Hazırda regionumuzda və dünyada baş verən mürəkkəb proseslər hər bir dövlətin və xalqın öz təhlükəsizliyinin daha da gücləndirilməsini zərur edir. Məlumdur ki, artıq beynəlxalq münasibətlər sistemində beynəlxalq hüquq norma və prinsipləri işləmir, müəyyən güclər öz imperialist maraqlarını təmin etmək üçün siyasət yürüdür. Bu siyasət isə bir sıra xalqların faciə ilə üzləşməsini qaçılmaz edib. Baş verən mürəkkəb qlobal proseslər fonunda uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan davamlı olaraq inkişaf edir, ictimai-siyasi sabitlik tam təmin olunub.
Müstəqillik illərində Azərbaycan böyük inkişaf yolu keçərək hazırki inkişaf mərhələsinə çatıb. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Bu amil beynəlxalq müstəvidə Azərbaycanın nüfuzunu və mövqeyini daha da gücləndirdi. İki qardaş dövlət strateji müttəfiq olan Azərbaycanla Türkiyənin siyasəti regionumuzun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsinə xidmət edir.
Lakin müəyyən xarici dairələr Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığına zərbə vurmağa çalışır. Paradoksal olsa da, bu cəhdlər Yaxın Şərqdə baş verən qanlı toqquşmalar şəraitində edilir. Yəni, Qəzzada davam edən müharibənin ölkəmizə aidiyyatı olmadığı halda, bəzi dairələr əsassız olaraq Azərbaycanı ittiham etməyə çalışırlar. Belə ki, son günlər qardaş ölkədə müəyyən qrupların “SOCAR Türkiyə”yə qarşı təxribatları bunu deməyə əsas verir. İddia edilir ki, guya SOCAR birbaşa İsrailə neft satır və bunu dərhal durdurmaq lazımdır. Əslində, bu təxribatçı tədbirlər Türkiyədə kök salmış və İrandakı müəyyən dairələr tərəfindən dəstəklənən qruplaşmalar tərəfindən həyata keçirilir. Lakin həmin aksiyalarda səsləndirilən iddiaların heç bir əsası yoxdur. Çünki iddiaların əksinə olaraq SOCAR İsrailə neft satmır. Bu barədə “SOCAR Türkiyə” rəsmi açıqlama yayıb. Açıqlamada vurğulandığı kimi, “SOCAR Türkiyə” fəaliyyətini SOCAR-ın ortaya qoyduğu vizyona uyğun olaraq beynəlxalq biznes müqavilələri çərçivəsində həyata keçirir. Bu kontekstdə, hazırda SOCAR tərəfindən İsrailə xam neftin satışının həyata keçirilməsi ilə bağlı ittihamlar həqiqəti əks etdirmir və qəsdən ictimai rəyi çaşdırmaq məqsədi daşıyır. Dünyada neft satışı bazarının özünəməxsus xüsusiyyətləri var və hasil edilən xam neftin ticarət və ya treydinq şirkətləri vasitəsilə satışı reallaşdırır. Tədarükçü şirkətlər xam neftin hansı ölkələrə daşınmasına, hansı məqsədlər üçün istifadə edilməsinə nəzarət və müdaxilə imkanlarına malik deyillər. Bu xüsusda, SOCAR digər neft şirkətləri kimi tədarük etdiyi məhsulları aidiyyəti treydinq şirkətləri ilə satış əlaqələri çərçivəsində həyata keçirir. Bununla birlikdə, bazarda fəaliyyət göstərən ticarət şirkətləri ilə davam edən mümkün satış əlaqələrimiz çərçivəsində, ticarət şirkətlərinin SOCAR-dan tədarük etdiyi xam neftin hansı ölkələrə daşındığına və hansı məqsədlə istifadə edildiyinə tərəfimizdən nəzarət və müdaxilə edilməsi mümkün deyil.
Göründüyü kimi, aksiya keçirən təxribatçıların iddiaları tamamilə yalandır. Onların gerçək məqsədi Azərbaycan-Türkiyə qardaşlığının nümunəsi olan “SOCAR Türkiyə” şirkətini, bütövlükdə ölkəmizi Türkiyə ictimai rəyində ləkələmək və nüfuzdan salmaqdır. Lakin bu çirkin məqsədə çatmaq mümkün deyil. Bu gün tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə bu gün ən yüksək zirvədədir. Bu gün müstəqil dövlətlər olaraq münasibətlərimiz dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə əsaslanır. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincimiz də, kədərimiz də bir olub.
Məlumdur ki, 30 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə 44 günlük erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Ötən il 19-20 sentyabrda ordumuzun Qarabağ ərazisində keçirdiyi lokal antiterror tədbirləri zamanı da Türkiyə birmənalı olaraq dövlətimizə dəstək verdi. Bütövlükdə, hər bir sahədə inkişaf edən Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üzrə unikal bir nümunəyə çevrilib. Dövlət başçılarımız arasında imzalanmış Şuşa Bəyannaməsi isə münasibətlərimizin ən yüksək zirvəsidir.
Bütün bunlara nəzərə yetirməklə qeyd etmək istəyirəm ki, sabotajcı güclər qardaş Türkiyə və digər dost ölkələrlə münasibətimizə kölgə salmaq iqtidarında deyil. Çünki Azərbaycan daim bütün dünyada sülh, sabitlik və əməkdaşlığın tərəfdarıdır.
Əminik ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin və Türkiyə cumhurbaşkanı sayın Rəcəb Tayyib Ərdoğanın liderliyində müdrik öndərliyində bundan sonra da, qardaşlıq münasibətlərimiz güclənərək, qüvvətlənərək bütün əngəllərə rəğmən yüksələn xətlə davam edəcəkdir.
Ramil Həsən
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini
www.yenicag.az