Qasırğaları proqnozlaşdıra bilən süni intellekt: ABŞ-də yeni sistem quruldu
ABŞ-nin Milli Qasırğa Mərkəzi Atlantikdə fırtına mövsümünün qızğın çağında süni intellektə əsaslanan yeni proqnozlaşdırma alətini istifadəyə verib.
Yenicag.az xəbər verir ki, yeni sistem tropik dalğalarda qasırğa əlamətlərini erkən mərhələdə müəyyən etməyə imkan verir.
Beləliklə, mütəxəssislər hansı aşağı təzyiqli sistemlərin isti okean sularına doğru hərəkət etdiyini izləyə bilirlər.
Mayami Universitetinin doktorantı Uill Douns bildirib ki, bu texnologiya sayəsində fırtınaya çevrilə biləcək hava modellərini daha dəqiq təhlil etmək mümkündür.
Qeyd edək ki, mövsümün ilk böyük fırtınası olan “Erin” qasırğası cəmi bir gün ərzində 1-ci kateqoriyadan 5-ci kateqoriyaya yüksələrək rekord qırıb. Hazırda ABŞ sahillərinə yaxınlaşan fırtına təhlükəli dalğalar yaratsa da, insan itkisi qeydə alınmayıb.
Mütəxəssislər bu il Atlantikdə 9-a qədər qasırğa gözləyir. İqlim dəyişikliyi və rekord isti okean suları fırtınaların daha tez və güclü baş verməsinə səbəb olur.