Dağlıq Qarabağda proseslər başlayandan Xocalı faciəsi baş verənə qədər xocalılar, polis və ərazi özünümüdafiə batalyonu ermənilərə müqavimət göstərib. Həmin döyüşçülərdən biri də Ramiz Kamal oğlu Nəsirovdur.
Yenicag.az Xocalı qətliamının 26-cı ildönümündə döyüşlərin fəal iştirakçısı Ramiz Nəsirovla müsahibəni təqdim edir:
Qısa arayış:
Ramiz Kamal oğlu Nəsirov – 7 dekabr 1953-cü ildə Xankəndində anadan olub. Orta təhsilini 1960-71-ci illərdə Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə alıb. 1972-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə hərbi xidmətə yollanan Ramiz ordudan tərxis olunduqdan sonra elə bu şəhərdə yaşamağa qərar verir. 1975-ci ildə Butko Tatyana Dmitriyevna adlı qadınla ailə qurur, bir il sonra qızı doğulur. Qarabağda baş verən hadisələrə biganə qala bilməyən Ramiz 1988-ci ildə vətənə qayıdır və Xankəndindən qovulub, Xocalıda məskunlaşmış qohumlarının yanında yaşamağa başlayır. Bir müddət sonra isə milliyyətcə rus olan həyat yoldaşı da Azərbaycana gəlir. 1990-cı ildə qayınatası Dmitri Butko ağır xəstəlik keçirir, Ramiz Nəsirov onu da Xocalıya gətirir. İgidliyi, döyüş sücaətləri nəzərə alınaraq, 25 fevral 1997-ci ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə Ramiz Nəsirov “İgidliyə görə” medalı ilə təltif olunub.
– Həmin gün xatirinizdə necə qalıb?
– Qayınatam ağır xəstə idi. Yerindən dura bilmirdi. Gecə saat 12-də yoldaşımı da, qonşuları da götürüb, evdən çıxdıq. Çaya qədər gəldik. Yoldaşım mənə dedi ki, uşağa görə ikimizdən birimiz sağ qalmalıyıq. Mən rusam, mənə toxunmayacaqlar, sən get. Kəşfiyyatçı olduğum üçün ermənilər məni çox yaxşı tanıyırdı. Meşədə irəlidə gedirdim, arxadakılara dedim ki, izimlə gəlin. Atışma olsa sakit durun, mən sizi keçirəcəm. Yolun yarısında dedim, dincələk. Hamı gəldi yığışdı, baxdım ki, yoldaşım yoxdur. Buldim ki, geriyə qayıdıb. Onun arxasınca getdim. Sevindik vardı, onun evinin yanında məni pulemyotla atəşə tutdular. Yenidən geri qayıtmalı oldum. Çayın içərisinə girib, o biri tərəfə keçdim, ordan da meşəyə girdim. Təpədə olanda hər şeyi görürdüm. Xocalıya birinci rusun texnikası girdi, ondan sonra ermənilər… Evləri yandırmağa başladılar, kim ki evdən çıxa bilməmişdi, onları güllələyirdilər. Günorta saat 10-a qədər təpənin üstündə gözlədim, ancaq Xocalıya girə bilmədim. Düşünürdüm ki, köməyə gələcəklər. Kömək gəlmədi, məcbur qalıb meşə ilə Ağdama tərəf getməyə başladım. Hara baxırdın paltar, meyit idi… Hamı da işgəncə ilə öldürülmüşdü. Meşədə qardaşımgili tapdım. Naxçıvanikə gəlib çıxdıq. O ərazini yaxşı tanıyırdım. Çünki orada Rudik adlı ermənini girov götürmüşdüm. Ermənilərin 3 postu vardı. Soyuq idi. Ermənilər də qaz borusunu güllə ilə deşib, yandırıb isinirdilər. Yanımda qardaşımdan başqa 4 nəfər vardı . Onlara dedim ki, erməninin başı qarışıqdı, baxmayaraq ki, yol uzaqdır, amma dayanmadan qaçsaq xilas ola bilərik. 2 sutka ac-susuz yol gəldik . 2 gün ərzində yediyimiz itburnu yarpağı oldu. Yolda bir qadın gördük. Çantasını qoyub, üstündə oturmuşdu. Halı yox idi. Uşağı ölmüşdü deyə, çox qəribə baxırdı.
– Yoldaşınızdan nə xəbər oldu?
– Moskvaya, Sankt-Peterburqa da getdim. Bizim MTN də yoldaşımı geri almağa çox cəhd etdi. Mənim yoldaşım Tatyana Butko yeganə canlı şahid idi… O, rus ola-ola Xocalıya ilk girənlərin rus olduğunu deyəcəkdi. Biri var bunu mən deyəm, biri də var bunu rus deyə… Son aldığım xəbər o oldu ki, işgəncələrə dözməyib, özünü asıb.
– Bəs qayınatanız?
– Onu evdə diri-diri yandırmışdılar…
– 1989-cu ildə gəldiniz. Döyüşlərə necə başladınız?
– Şuşa ilə Kərkicahanın arasında Qaybalı kəndi vardı. Orada postda dururdum. Xocalının vəziyyəti çətinləşəndə gəldim Xocalıya, özünümüdafiə batalyonuna yazıldım. Erməni dilini çox gözəl bilirəm. Bundan əlavə ermənilərin millət olaraq xasiyyətini də bilirdim. Erməni kəndlərinə girirdim, heç biri bilmirdi kiməm. Soruşanda deyirdim, “Sumqayıt ermənisiyəm, buraları tanımıram”. Xocalının icra başçısı, hazırda millət vəkili olan Elman Məmmədov tapşırıq verdi ki, ermənilərin hansı planlar cızdığını öyrənək. Kəşfiyyata getdik, gələndə izlə qarşılaşdıq. İzlə getdik, gördük 4 erməni oturub, xəritə cızır. Uşaqlara dedim, sakit olun, bunları diri tutaq. Ermənilərdən biri məni gördü, o anda onları güllələdik, xəritələri gətirib verdik Elman Məmmədova.
– Silah-sursatla təmin edilmişdiniz?
– Açığı, silah təminatımız çox zəif idi. Texnikanı vuracaq heç bir silahımız yox idi. 2-3 əsgərə bir avtomat vardı.
– Ermənilər Xocalını niyə o vəziyyətə saldılar?
– Xocalı ermənilər üçün problem idi. Əsgərandən Xankəndinə gedən yol Xocalıdan keçirdi. Xocalının dördbir tərəfi ermənilər idi. Xocalı blokadada qaldığı kimi, ermənilərin də bir neçə kəndi Xocalıya görə blokadada idi. Onlar bizə mane olurdular, biz də onlara. Bizə silahı, yeməyi helikopterlə gətirirdilər; nə işığımız vardı, nə də qazımız. Əgər texnika vura biləcək silahımız olsaydı, onlara müqavimət göstərə bilərdik.
– Ancaq Xocalıda döyüşmüsünüz?
– Xocalıdan çıxandan sonra bizim batalyon Ağdamda da döyüşdü. Sonra Sankt-Peterburqa gedib, oradakı evi satdım, Şevçenko Stanislav Kriloviç adında bir rus polkovnik-leytenant vardı, onu Ağdama gətirdim. O da bizə təlim keçirdi. Bir müddət sonra onu Müdafiə Nazirliyinə işə götürdülər. 1 il işlədikdən sonra tərxis olub, Rusiyaya qayıtdı.
– Rudiki əsir götürdüyünüzü dediniz. O Rudik komendant Vitalikin qohumu idi?
– Bəli, odur. Rudik Vitalikin bacısı oğlu idi. O vaxt ermənilər Rudiki geri qaytarmağım üçün mənə 300 min pul təklif etdilər. Dedim, Rusiyadan bura alverə yox, müharibəyə gəlmişəm. Onu helikopterlə Şuşaya apardıq. Ermənilər o vaxt Malıbəylini işğal etmişdi, əllərində meyitlərimiz və əsirlərimiz vardı. Rudiki onlarla dəyişdik.
– Neçənci ilə qədər döyüşdünüz?
– 1993-cü ilə qədər döyüşmüşəm. Könüllü batalyonlar ləğv ediləndə ordudan getdim. Mənə təklif etdilər ki, batalyonun komandiri olum, ancaq qəbul etmədim. Təcrübəm çox olsa da, hərbi savadım yox idi, ona görə də batalyon komandiri olmaqdan bir az çəkindim.
– “İgidliyə görə” medalı ilə təltif edilmisiniz.
– 25 fevral 1997-ci ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif olundum.
– Həyata keçirtdiyiniz xüsusi əməliyyatlardan yadınızda hansı qalıb?
– Noraguh kəndi tərəfdə üzümlükdə ermənilər möhkəmləndirilmiş istehkam (“ZOT”) düzəltmişdilər. Onun içərisindən iriçaplı pulemyotla Xocalını güllə altında saxlayırdılar. İmkan vermirdilər ki, hərəkət edək. Elman Məmmədova dedim ki, icazə ver, onu yox edim. Əlişin oğlu Rəhman qumbaraatan idi. Onu gizlin yollarla apardım “ZOT”-un 20-30 metrliyinə. Dedim ki, mən başlarını qatacam, həmin anda “ZOT”-u vurarsan. Kənara çəkilib, ermənilərə güllə atmağa başladım. Onların başı mənə qarışdı, Rəhman ikinci həmlədə həmin yeri vurdu.
– Niyə uduzduq?
– Hamımız, bəlkə sənin də atan rus ordusunda tikinti batalyonunda xidmət edib. Biz güllə atmağı müharibədə öyrəndik. Ancaq ermənilər hazır döyüşçü idilər. Zabit çatışmazlığı vardı. Ferma müdirindən komandir olardı? Biz o vəziyyətdə döyüşürdük, amma kişi kimi döyüşürdük.
– Yoldaşınızı bəlkə sizə görə öldürdülər?
– Yoldaşımı buraxacaqdılar. O, rus idi. Kimsə xəbər vermişdi ki, o, mənim həyat yoldaşımdır. Əsirlikdə yoldaşımın yanında olanlar danışır ki, avtobusdan onları düşürüb, ocaq qalayıblar ki, mən o istiqamətə gedim, onu buraxıb, məni tutsunlar. Həmin vaxt təpədə idim. Ancaq getməyim intihar olardı. Məni yaxşı tanıyırdılar.
Bu gün tək arzum o torpaqlara qayıtmaqdır. Gədələrin qarşısında başıaşağıyıq. Düzdür, onlara vaxtında rus kömək edib, ancaq yenidən ayağa qalxıb, o torpaqlara geri qayıtmalıyıq.
– O vaxt təbii ki, ermənilərlə danışıqlarınız olub.
– Bir dəfə “svyazda” bir erməni ilə danışırdım: mən ona “vazgen” deyirdim, o mənə “molla”. Deyirdi, “əvvəl rus sizə kömək edirdi, indi bizə. Görün sizi nə günə qoyacağıq”. Erməni elə o vaxt mənə dedi ki, “ay eşşək, ikimizi də rus qırır”.
Səxavət Məmməd