“Azərbaycan ordusuna qarşı təxribat törədilən yüksəkliklər ordu tərəfindən nəzarətə götürülməlidir”.
Bunu Ermənistan ordusunun Azərbaycan mövqelərini atəşə tutması haqqında danışan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Rövşən Məhərrəmov bildirib ki, erməni tərəfi atəşkəsi pozaraq bütün dünyanın fikrini bu istiqamətə yönəltmək istəyir:
“Dövlət başçısının Laçına səfərindən sonra Ermənistan mətbuatında canlanma yaranıb. Baxmayaraq, Laçın Azərbaycanın suveren ərazisidir və ölkə prezidenti də o torpaqlara səfər edib, ancaq erməni tərəfi bunu həzm etmir. Prezident İlham Əliyev Laçından lazımi mesajlar verdi.
Ermənilər bir dəfə sərhəd pozuntusuna yol verdilər, qarşılığında “Bala Göyçə”dən tutmuş xeyli yüksəklikləri itirdilər. Erməni tərəfi təxribat yaradır ki, dünya ölkələrini, beynəlxalq təşkilatları Azərbaycana qarşı yönəltsin. Onların atəşkəsi pozmaqlarında məqsəd Azərbaycana xaricdən təzyiqlərin gəlməsidir. Delimitasiya və demarkasiya işləri hələ də getmir. Azərbaycan lazım olan nöqtələri öz nəzarətində saxlayacaq. Hansı nöqtələrdə atəşkəs pozulacaqsa, o nöqtələr susdurulacaq. Hesab edirəm ki, Azərbaycan ordusuna qarşı təxribat törədilən yüksəkliklər ordu tərəfindən nəzarətə götürülməlidir. Çünki onlar başqa dildən anlamırlar.
Məsələ təkcə Qarabağ ətrafındakı sərhədlərlə yekunlaşmır. Qazax rayonunun 7 kəndi və Naxçıvanın Kərki (anklav) kəndinin də geri qaytarılması yönündə işlər aparılmalıdır.
Erməni tərəfi son günlər böyük dövlətlərin rəhbərlərinə zənglər edir, onlar guya Azərbaycanın Ermənistan ərazisini işğal etdiyini deyirlər. Məsələ ondadır ki, bütün dövlətlər erməni tərəfinə eyni cavabı verir: “Sərhədlər müəyyən edilməyib”. Yəni ermənilərin bu “təzyiq”i də havada qalıb”.
Səxavət Məmməd
www.yenicag.az