Qaz təchizatı ilə bağlı dezinformasiyaya AYDINLIQ: Xidmət dayanmır, optimallaşdırılır - FOTO

media-hightechnic-468x90

Son günlər sosial mediada hündürmərtəbəli yaşayış binalarına verilən qaz təchizatının dayandırılacağı barədə şayiə xarakterli məlumatlar dolaşmaqdadır.

“Meydan TV”nin yaydığı məlumatda bildirilir ki, Azərbaycanda çoxmərtəbəli binalarda qaz təchizatının dayandırılması planlaşdırılır:“İstilik təchizatı haqqında” yeni qanun layihəsinə əsasən, bu tip binalara təbii qaz verilişinin dayandırılması və istilik sistemlərinin yenidən qurulması gözlənilir. Nazir müavini Elnur Soltanov Milli Məclisdə bu istiqamətdə keçirilən ictimai dinləmədə bildirib ki, yeni qanunla qazdan istifadə edilməyəcək, bununla da çoxmərtəbəli binalarda daha təhlükəsiz mühit yaradılacaq”.

“Meydan TV” kontekstdən çıxarılmış, yanlış şərh olunan “qanunun qüvvəyə minməsindən sonra əhalinin qaz təchizatı dayandırıldığından vətəndaşlar mənzillərini elektrik enerjisi ilə qızdırmalı olacaqlar ki, bu da əlavə maliyyə xərcləri yaradacaq” cümləsindən sonra oxucuları yönləndirici və qızışdırıcı “yeni istilik sistemi və qiymət artımları əhalinin sosial durumuna necə təsir edəcək?” sualı ilə müraciət edir.

Faktyoxla Lab. bu iddialara aydınlıq gətirib.

Qeyd edək ki, “Meydan TV” və ya sosial media seqmentində bu tipli informasiyaları yayan digər profil və səhifələrin bu cür yanaşması bəzən dəqiqləşdirilmədən, mahiyyəti öyrənilmədən ortaya atılan spekulyasiya metodu, bəzən isə məqsədli və qərəzli olur. Sözügedən qanun layihəsindən ümumiyyətlə xəbərsiz olan bu subyektlər yenə də yalan və media manipulyasiyası ilə ictimaiyyəti çaşdırmağa çalışırlar.

Əvvəlcə yeni qanun layihəsinin hazırlanması və qəbulunu zəruri edən başlıca amillərə aydınlıq gətirək.

Qanun “İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” 29 aprel 2022-ci il tarixli Sərəncama uyğun hazırlanıb. Məqsəd istilik təchizatı sahəsində islahatlar çərçivəsində xidmət səviyyəsinin yüksəldilməsi, kommersiyalaşdırma və bazar iqtisadiyyatı prinsipləri əsasında sahənin perspektiv inkişaf istiqamətlərinin müəyyənləşməsidir.

Yeni qanun istilik enerjisinin istehsalı, paylanması, satışı və istehlakı ilə bağlı yeni münasibətləri tənzimləyir, Avropa ölkələrinin və digər dövlətlərin təcrübəsinə istinad edilməklə istilik enerjisinin xidmət orqanı ilə istehlakçılar arasında münasibətləri müasir bazar prinsiplərinə uyğunlaşdırır.

Layihə ümumilikdə məzmun etibarilə vətəndaşların mənafeyinə xidmət edir. Sənəddə çoxmərtəbəli binalarda qazın dayandırılması barədə heç bir tələb, maddə, müddəa və ya bənd, həmçinin, gələcəkdə tövsiyə xarakterli nüans yoxdur. Layihənin 3-cü maddəsində açıq şəkildə göstərilib ki, (Maddə 3.Qanunun tətbiq dairəsi) bu qanun istehlakçının (layihələndirmə zamanı fərdi istilik sistemlərinin quraşdırılması nəzərdə tutulan çoxmənzilli yaşayış binalarının mənzillərində, yaşayış evlərində, qeyri-yaşayış təyinatlı tikinti obyektlərində) istilik enerjisinə tələbatın qarşılanması üçün fərdi istilik sistemlərinin quraşdırılması və onun istismarı ilə əlaqədar münasibətlərə şamil edilmir.

Məlumdur ki, abonentlərin istifadə etdiyi qazın böyük bir hissəsi mənzillərin isidilməsinə sərf olunur. Mənzillərin isidilməsi iki vasitə və ya mənbə ilə təchiz olunur. Birincisi, vətəndaşların fərdi şəkildə quraşdırdığı “kombi” isitmə sistemi və ya binanın təqdim etdiyi ümumi sistemlə, ikincisi, dövlət qurumu olan “Azəristiliktəchizat” ASC-nin mərkəzləşdirilmiş istilik təminatı vasitəsilə.

Hazırda əksər ölkələrdə, o cümlədən MDB və Avropa dövlətlərində binaların mərkəzi istilik infrastrukturları (qazanxana və rezervuarlar) üzərində qurulmasına baxmayaraq, Azərbaycanda daha çox Türkiyə modeli, yəni fərdi kombi və digər isitimə qurğuları ilə təminatı geniş yayılıb.

“İstilik təchizatı haqqında” qanun layihəsində  hər iki mənbədən istilik təchizatının çatdırılması təsbit olunub. Qanunda göstərilir ki, (1-ci fəsil, maddə 1) fərdi istilik sisteminin təchizat zəncirinin bir hissəsi kimi saxlanması, eyni zamanda, istilik təchizatının əsas infrastruktur və təminat mənbələrindən biri kimi mərkəzləşdirilmiş istilik sisteminin inkişaf etdirilməsi nəzərdə tutulub.

Qanun layihəsində, növbəti mərhələlərdə yaşayış binasına aid olan mənzillərin fərdi şəkildə isidilməsi ilə yanaşı, vahid bir istilik mənbəyindən və ya bir neçə binanı əhatə edən vahid şəbəkə vasitəsilə istilik enerjisi ilə təchiz edilməsi qeyd olunub.
Bu, o deməkdir ki, gələcəkdə hündürmərtəbəli yaşayış binalarındakı mənzillərin qaz təminatında hər iki tərəf üçün – təchizatçı qurum və istehlakçı daha etibarlı və qənaətli rejimə keçidə üstünlük veriləcək, ancaq qazın dayandırılması barədə qətiyyən hansısa məhdudlaşdırıcı tələb yoxdur. Sadəcə, yeni istifadəyə verilən hündürmərtəbəli binaların isidilməsi üçün tələb olunan qazın mərkəzləşdirilmiş qazanxanalar vasitəsilə təchizatı planlaşdırılır. Bu isə “Meydan TV”nin iddia etdiyi kimi vətəndaşların mənzillərini elektrik enerjisi ilə qızdırmasına səbəb olmayacaq. Bu halda qətiyyən, vətəndaşların evlərini qızdırması üçün əlavə maliyyə xərclərinə səbəb olacaq heç bir hal yaranmayacaq.

Yeni qanun istehlakçılarım, yəni vətəndaşların mənafeyinə hansısa xələl gətirirmi?

Qanunun qəbulu yeni seçim yaratmaqla, səmərəlilik, abonentlər üçün əlverişlilik, qənaətlilik prinsiplərinə səbəb olacaq, istilik təminatı ilə bağlı binalardakı problemlərin həllinə kömək edəcək. Məlumdur ki, yeni inşa olunan xeyli sayda  bina var ki, illərdir qaz verilişi ilə təmin olunmur. Bu halın yaranmasının əsas səbəbi mənzil tikinti kooperativlərinin texniki normativlərlə bağlı tələb olunan öhdəlikləri yerinə yetirməməsidir. Bu baxımdan yeni qanun layihəsi həmin süründürməçilik və nöqsanları aradan qaldırmağa xidmət edir.

“İstilik təchizatı haqqında” qanunda qeyd edilir ki, əsas məqsədlərdən biri rəqabət mühitinin formalaşdırılması, inhisarçılıq fəaliyyətinin qarşısının alınmasıdır. Yəni yaşayış binalarına nəzarət edən MTK-ların sakinlərdən yüksək məbləğdə vəsait alaraq isitmə infrastrukturu qurmaq hökmranlığının qarşısını almağa xidmət edir. Yeni istifadəyə verilən binaların sakinlərinin hər biri etiraf edir ki, MMC və ya kooperativlər qaz sayğacı, xəttin çəkilisi, isitmə sisteminin qurulması üçün bütün xərci onların boynuna yükləyir.

Bundan başqa, vətəndaşlar mənzilə kombi, qızdırıcı radiatorlar, boru, müxtəlif qurğu və cihazlar alır, ustaya böyük vəsait ödəyir. Bütün bunlar ən azı üç min manata başa gəlir. Elə abonent var ki, həmin cihazları bir neçə ildə kredit şəklində ödəyir. Mərkəzləşdirilmiş istilik infrastrukturu qurulduqda isə abonentin xərci çıxmır, bütün xərcləri təchizatçı şirkət (“Azərictiliktəchizat” və ya özəl şirkət) qurur. Bu baxımdan dövlət vətəndaşın xərclərini öz üzərinə götürməklə onu borcdan xilas edir.

Yeni qanun layihəsi bu baxımdan vətəndaşlara səmərəli və daha əlverişli seçim yaradır, alternativlər verir, mənzil müştərək cəmiyyətləri yaratmaqla qaz və istilik təchizatı üçün dövlət qurumları ilə sərfəli olan variantı seçmək hüququ yaradır. Hətta istilik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrindən (Günəş panelləri və s) istifadə üçün səmərəli variantı da təklif edir. (Maddə 17. Bərpa olunan enerji mənbələrindən və su ehtiyatlarından istifadə)

Alternativ seçim istiliklə bağlı xərcləri artırır, yoxsa azaldır?

İlk növbədə fərdi şəkildə istilik təminatı xərcləri ilə dövlət təchizatı üzrə xərclər arasındakı fərqə baxaq. Məsələn, 100 m2-lik sahəyə malik mənzilin qış mövsümündə “kombi” vasitəsilə isidilməsinə ayda orta hesabla 300  m3 təbii qaz sərf olunur. 6 aylıq isitmə dövrünü nəzərə aldıqda qaz sərfiyyatına 1800  m3 qaz tələb olunur, onun 1200 m3-i 12,5 qəpik, 1200 m3-dən 2500 m3-dək olan hissə isə 22 qəpikdir. istinad
Beləliklə, 6  aylıq cəmi qaz sərfiyyatı xərci (150 +132 = 282 manat) 282 AZN (aylıq xərc 47 manata bərabər olur-red.) təşkil edir. Yəni 1 m²-in isidilməsinə təxminən 47-50 qəpik xərc tələb olunur.

“Azəristiliktəchizat” ASC-nin balansında olan 554 qazanxana tərəfindən mərkəzləşdirilmiş istiliklə təmin edilən binalarda isə aylıq tarif isə 14-25 AZN arasında dəyişir. Belə ki, Tarif Şurasının 2024-cü il 29 dekabr tarixli 17 nömrəli qərarı ilə “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 14,60 manat, sayğac quraşdırılmadığı halda isə aylıq 1 m² üçün ƏDV daxil olmaqla 0,30 manat müəyyənləşdirilib. mənbə
1 Qkal enerji təxminən 50 m²-lik mənzilə hesablanan dəyərdir. istinad

Köhnə tikililərdəki  mənzillərdə mətbəx, balkon, hamam otağı, dəhliz və s. ümumi sahəyə aid olmadığından 1 Qkal təxminən 75-80 m²-lik mənzilin istilik dəyəri kimi nəzərə alınır. Bu isə o deməkdir ki, dövlət tərəfindən istiliklə təchiz olunan mənzillərdə aylıq qaz sərfiyyatı 20 AZN-dən də azdır. Hətta sayğac quraşdırılmış yaşayış binalarında 1 m²-i üçün istiliyin dəyərini 0,30 manatdan hesabladıqda 100 m²-lik mənzilin balkon, dəhliz və s. nəzərə alınmadıqda cəmi aylıq qaz sərfiyyatı təxminən 24-25 manat təşkil edir.

Aradakı fərq onu göstərir ki, dövlətin isitmə təchizatı üzrə xərclə fərdi istilik qurğuları ilə isitmə sərfiyyatı arasında ən azı 2,2 dəfə fərq var. Yəni dövlətdən istilik alan abonentlər daha sərfəli və ucuz tariflərlə əhatə olunub. Ona görə də “İstilik təchizatı haqqında Qanun”un tətbiqinin genişləndirilməsi və hündürmərtəbəli yaşayış binalarının mərkəzi qazanxanalar vasitəsilə isidilməsi abonentlərin daha çox xeyirinədir.

Mərkəzləşdirilmiş istilik sisteminin digər üstünlüyü ondan ibarətdir ki, vətəndaşların “kombi” və digər cihazların təmiri üçün xərc çəkmələrinə ehtiyac qalmır. Eyni zamanda, mərkəzləşmiş mənbə üzrə təchizat daha təhlükəsizdir. Qazanxanaların əksəriyyəti istənilən yanacaqla işləyə bilər ki, bu da həm mənzillərin, həm də sistemin təhlükəsizliyini təmin edir. Evdə quraşdırılan fərdi istilik sistemindən fərqli olaraq mərkəzləşdirilmiş istilik sistemi ekoloji cəhətdən təmizdir.

Göründüyü kimi qanun layihəsi vətəndaşların qaz və ya istiliklə təchizatını məhdudlaşdırmağa deyil, əksinə həmin sahədə səmərəlilik, təhlükəsizlik, alternativ tarif seçimi üzrə xidmətin optimallaşdırılması və təminat prinsiplərinə əsaslanır.
Bir məqama da aydınlıq gətirməyə çalışaq. “Meydan TV” Prezident İlham Əliyevin sitatını konteksdən çıxararaq “daxildə nə qədər təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq” ifadəsi üzərində manipulyasiya edir və belə rəy yaratmağa çalışır ki, guya dövlət Avropaya qaz satışının həcmini artırmaq üçün daxildə qənaət edəcək, yəni vətəndaşların qaz normasını kəsəcək.

Sözsüz ki, bu iddia da tamamilə qərəzli və yalandan başqa bir şey deyil. Dövlət başçısının “8 Noyabr” Elektrik Stansiyasının açılışında bəyan etdiyi bu fikrin əsas mahiyyəti yenidən qurulan və modernləşdirilən İES-lərdə şərti yanacaq, yəni təbii qaz sərfiyyatının azaldıması sayəsində əldə edilən qənaət hesabına ixracın azaldılmasıdır. Bunun isə əhalinin tələbatına heç bir aidiyyəti yoxdur.

Beləliklə,

– “Meydan TV”nin “İstilik təchizatı haqqında” qanun layihəsi ilə bağlı materialı manipulyasiya xarakterlidir;

– Hündürmərtəbəli binalarda yaşayan vətəndaşlara verilən qazın dayandırılması barədə iddia növbəti saxtakarlıq nümunəsidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600