Qazaxıstanda Respublika Günü coşqu ilə qeyd edildi - VİDEO
Qazaxıstan oktyabrın 25-də həm Respublika Gününü, həm də Dövlət Suverenliyi Bəyannaməsinin 35 illiyini coşqu ilə qeyd edib.
Yenicag.az xəbər verir ki, 2009-cu ildə rəsmi bayramlar siyahısından çıxarılan Respublika Günü bu il qəbul edilən qanun dəyişikliyi ilə yenidən milli bayram statusu qazanıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa ünvanladığı təbrik mesajında Suverenlik Bəyannaməsinin qəbulunu xalqın öz gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququnu təsdiqləyən yeni tarixi dövrün başlanğıcı kimi qiymətləndirib.
Prezident Tokayev 1990-cı ildən bəri keçən dövrü dəyərləndirərək bildirib: “O vaxtdan bəri uzun və çətin bir yol keçmişik. Müstəqilliyin siyasi və iqtisadi təməli qoyulub, beynəlxalq səviyyədə tanınan sərhədlər müəyyən edilib, yeni paytaxt inşa olunub, milli kimliyin möhkəmləndirilməsi və vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılması sahəsində mühüm irəliləyişlər əldə olunub”.
Tokayev ölkənin düşünülmüş və balanslı xarici siyasəti sayəsində milli maraqlarını uğurla qoruduğunu və qlobal arenada nüfuzunu gücləndirdiyini vurğulayıb. O, hazırkı nəslin vəzifəsinin ölkənin müqəddəs müstəqilliyini daha da möhkəmləndirmək olduğunu da qeyd edib.
Qazaxıstanlı jurnalist Nurqali Cusipbay “TRT Avaz”a Respublika Günü ilə bağlı ətraflı dqnışıb. Videonu təqdim edirik:












