“Qazı yandırmayan niyə pul ödəsin?!” – Sabiq deputat dəyişikliklərdən danışdı
İqtisadçı alim, istiqlalçı deputat Vahid Əhmədov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Vahid müəllim, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi tərəfindən “Elektroenergetika haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsi birmənalı qarşılanmayıb. Çünki təklif edilən dəyişikliklərlə şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsi şərti qoyulur. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur. Yeni meyarların effektivliyi ilə bağlı yanaşmaları necə qiymətləndirirsiniz?
– O vaxt da Milli Məclisdə “Elektroenergetika haqqında” Qanun layihəsi qəbul edilərkən bu məsələlər ətrafında çox ciddi müzakirələr getmişdi. Qaz və elektrik enerjisinin sahəsində işlərin optimallaşdırılması ilə bağlı sistemin müəyyən sahələrə bölünməsi və ayrı-ayrı strukturların yaranması gündəmdə idi. İndi bu qanun layihəsi Milli Məclisin müvafiq komitəsi tərəfindən təqdim edilib. Sözsüz ki, yeni qanun layihəsi olduqca ciddi mahiyyət kəsb edir. Sadəcə, bu qanun layihəsinin izahatına çox ciddi ehtiyac var. Çünki buna dair verilən izahatlar heç də qənaətbəxş deyil. İnsan evdə yaşamırsa, o, elektrik enerjisinə və qaza görə ödəniş etməlidir, anlayışı başadüşülən deyil. Əgər mən evdə yaşamırsa və qaz, işıq istehlak etmirəmsə, ona görə niyə vəsait ödəməliyəm? İddia edilə bilər ki, bəzi dövlətlərdə bu kimi təcrübələr var və s. Ola bilsin ki, həmin evlərdə illərlə heç kəs yaşamır. Mən əgər bir aylıq məzuniyyətə və yaxud 10 günlük harasa gedirəmsə, nəyə görə, istifadə etməyim qaza işığa görə əlavə pul ödəməliyəm? Təbii ki, evdə yaşayışın olub-olmadığını müəyyənləşdirmək də o qədər asan məsələ deyil. Bu kifayət qədər vaxt və güc tələb edən bir məsələdir. Ona görə də bu mövzuya dair müəyyən suallar var.
– Edilən dəyişikliklərin mövcud taariflərə təsiri ola bilərmi?
– Qaz, eklektirk enerjisi və digər kommunal ödənişlərlə bağlı elə addımlar atmaq lazımdır ki, o qiymətlərə təsir etməsin. Bu məsələlərdə insanların sosial durumunu nəzərə almaq lazımdır. Elə dövlətlər var ki, bu taarif sistemi hətta insanların sosial durumunun yaxşılaşdırılmasına kömək edir. Azərbaycanda da elə etmək lazımdır ki, insanlar bundan zərər görməsinlər.
– Qabaqlayıcı tədbirlər kimi hansı addımları atmaq olar?
– Dövlət büdcəsində kifayət qədər vəsait var, profisit mövcuddur, vergi yığımında problem yoxdur. Ona görə də elə etmək lazımdır ki, insanların sosial vəziyyəti ağırlaşmasın. Amma taariflərin tətbiqi məsələsində izahatların daha geniş olmasına ehtiyac var. Bu işlər necə aparılacaq, hansı yolla bunlar həyata keçiriləcək və.s kimi məsələlər aydınlaşmalıdır.
– Sizcə, yeni qanunun qəbul edilməsində əsas məqsəd nədir?
– Təklif edilən hər yeni qanunun qəbulunda əsas məqsəd ondan ibarətdir ki, dövlət büdcəsi ilə yanaş, insanların sosial durumunda ciddi problemlər yaranmasın. Bu iki məsələni həmişə nəzərə almaq lazımdır. Yeni qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı ola bilsin ki, deputatlar tərəfindən də müəyyən təkiflər irəli sürülsün. Bundan sonra bu qanun layihəsi ilə bağlı qəti fikir söyləmək mümkün olacaq.
– Dəyişikliklər həm də bu sektora aid yeni strukturların yaranmasını təşviq edir. Buna ehtiyac varmı?
– Yeni təkliflərə uyğun olaraq ola bilsin ki, “Azəriqaz” və “Azərişıq”da müəyyən qrumlar yaransın. Satışa, istehlaka və istehsala ayrı-ayrı strukturların baxması mümkündür. Bu məsələlər müzakirə oluna bilər. Çünki bir vaxtlar “BARMEK“ (keçmiş – Barmek-Azərbaycan Elektrik Şəbəkəsi) sistemi yaradılmışdı. Sonradan bu məsələdə çox ciddi qanun pozuntuları aşkar edildi. Ona görə də elektroenergetika sistemində islahatlara ehtiyac var.
– Yeni qaydaların ilk mərhələdə pilot layihəsi kimi tətbiqi nə dərəcədə realdır?
– Adətən, belə layihələr həyata keçirilərkən müəyyən bir bölgədə onu pilot layihə kimi sınaqdan keçirirlər. Əgər bu özünü doğruldursa, daha sonra bunu digər bölgələrə də asta-asta şamil etmək mümkün olur. Dünyada qəbul edilmiş ən optimal qayda məhz bundan ibarətdir. Bu qanun layihəsini misal üçün Quba-Xaçmaz, Ağstafa-Qazax zonasında praktik olaraq yoxlamaq da mümkündür. Bir bölgəni götürüb, orada bu qanun layihəsinin işləmə mexanizminə, effektivliyinə baxmaq lazımdır. Eyni zamanda bunun insanların sosial durumuna, dövlət büdcəsinə təsirinin nədən ibarət olduğu ciddi şəkildə analiz edilməlidir. Çünki qaz və işıq həssas sistem olduğu üçün buna çox diqqət ayrılmalıdır. Bu baxımdan da onun ilk növbədə pilot layihə kimi tətbiqi daha yaxşı olar.