“Sülh müqaviləsinin imzalanması ehtimalı tamamilə Ermənistandan asılıdır. Çünki Ermənistan indiyədək Azərbaycanın tələblərini yerinə yetirməkdən imtina edib. Bu tələblərə ATƏT-in Minsk Qrupunun ləğvi və Ermənistan konstitusiyasından Azərbaycana iddia anlamına gələn maddələrin çıxarılması kimi məsələlər daxildir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Rusiyada yaşayan amerikalı politoloq Endryu Koribko deyib.
Analitik 2025-ci ildə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması ilə bağlı səslənən iddiaları, habelə Zəngəzur dəhlizi ilə əlaqədar rəsmi Bakının haqlı tələblərinin pərdəarxası məqamlarını şərh edib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev ötən həftə yerli mediaya verdiyi təxminən üç saatlıq müsahibəsində bildirib ki, Ermənistan son vaxtlar idxal etdiyi xarici silahları geri qaytarmalıdır:
“O, həmçinin Fransanın və digər ölkələrin Ermənistana əlavə silah göndərməsinin dayandırmalı olduğunu vurğulayıb. Prezident Əliyev Ermənistanın Zəngəzur dəhlizi kimi regional inteqrasiya proseslərinə mane olmamalı və etnik təmizləməyə məruz qalan azərbaycanlıların Ermənistana qayıtmaq hüququnu təmin etməli olduğunu da bildirib. Baş nazir Nikol Paşinyan isə sülhə dair onlarla təklif irəli sürsə də, Prezident Əliyevin irəli sürdüyü tələblərə əməl edib-etməyəcəyi hələlik aydın deyil. Əgər bu tələblər yerinə yetirilsə, sülh müqaviləsi qısa müddətdə razılaşdırıla bilər. Bu, bölgə üçün ən yaxşı ssenari olardı və yeni bir müharibəyə çevrilə biləcək gərginliyin davam etməsinin qarşısını alardı”.
Rafi Müslümov
www.yenicag.az