“90 faiz ehtimal edilir ki, yay aylarına doğru Rusiyanın Ukraynada böyük bir əks-hücumu baş tutacaq. Burada məqsəd itirilmiş və yeni əraziləri ələ keçirməkdir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Fuad Şahbazov söyləyib.
Politoloq Qərb kəşfiyyatı tərəfindən Xarkovun ruslar tərəfindən işğal ediləcəyi ilə bağlı ortaya atılan iddialara münasibət bildirib.
F.Şahbazov düşünür ki, hazırda quruda üstünlük Rusiya Silahlı Qüvvələrinin xeyrinədir.
“Çünki insan baxımından və silah-sursatın sayına görə Rusiyanın üstünlüyü bunu deməyə əsas verir ki, yay aylarına yaxın ruslar sürətli əks-hücuma keçəcəklər. 2 ay bundan qabaq Donetsk vilayətinin Avdeyevka qəsəbəsinin ruslar tərəfindən ələ keçirilməsi, eləcə də Slavyansk və Kramatorska gedən yolun açılması Rusiyanın əlinə bir sıra rıçaqlar verdi. Baxmutun işğalından sonra isə Ukrayna Silahlı Qüvvələri mövqelərinin ən zəif olduğu ərazi Çasov Yar qəsəbəsidir ki, bura da strateji olaraq hündürlükdə yerləşir. Əgər bu qəsəbə ruslar tərəfindən ələ keçirilsə, onda Slavyansk, Kramatorsk və Xarkova gedən yol rusların nəzarətinə düşəcək”, – deyə o əlavə edib.
Siyasi təhlilçi diqqətə çatdırıb ki, indi Ukrayna ordusunda vəziyyət getdikcə gərginləşir:
“Həm şəxsi heyətin sayındakı çatışmazlıq, həm də silah-sursat, artilleriyadakı qıtlıq, eləcə də hava üstünlüyün rusların əlində olması ukraynalılar üçün gərginlik yaradır. Hətta Ukrayna prezidenti Volodimir Zelenski son müsahibəsində etiraf etdi ki, vəziyyət gərgindir, sursat azlığı var, habelə şəxsi heyətdə çatışmazlıqlar mövcuddur. Nəzərə alsaq ki, Xarkov Ukraynanın keçmiş paytaxtı və Kiyevdən sonra ikinci böyük şəhəridir, belə olan halda, Xarkovun işğalı ukraynalılar üçün ruh düşkünlüyünə səbəb ola bilər. Hətta bu, müharibənin gedişatını uzunmüddətli şəkildə Rusiyanın lehinə dəyişə bilər”.
Xatırladaq ki, Qərb kəşfiyyatına istinad edən nüfuzlu medialar mayın əvvəlindən etibarən, Rusiyanın Xarkov və ətraf ərazilərdə genişmiqyaslı hərbi əməliyyatlara başlayacağını istisna etməyiblər. İddialara görə, Rusiyanın əsas məqsədi Qara dəniz hövzəsi ilə yanaşı, sərhədyanı Xarkovu da ələ keçirərək, müharibənin gedişatında hadisələri öz lehinə çevirmək məqsədi güdür.
Rafi Müslümov
www.yenicag.az