“Hər hansı xırda narahatlığa görə təcili tibbi yardımın çağırılması da doğru deyil”.
Bu fikirləri son vaxtlar ölkədə təcili tibbi yardım maşınlarının çağırıldığı ünvana gecikməsinə dair çoxsaylı şikayətlərə münasibət bildirən professor Adil Qeybulla Yenicag.az-a açıqlamasında deyib.Professorun sözlərinə görə, Azərbaycanda təcili tibbi yardım sisteminin fəaliyyəti Qərb səhiyyəsinin standartlarına uyğun deyil:
“Təcili tibbi yardım xüsusi bir sistemdir və qəza vəziyyətində olan, çox ağır bir vəziyyətə düşən şəxslərin həyatda qalmalarına xidmət etməlidir.
Ancaq hər hansı xırda narahatlığa görə təcili tibbi yardımın çağırılması da doğru deyil. Bunun üçün ailə həkimlərinə müraciət edilməlidir.
Təcili yardımın gecikməsinin müxtəlif səbəbləri var. Texniki səbəblər, müraciətlərin çoxluğu, həkim çatışmazlığı, tıxacların olması və sair kimi faktorlar belə halların yaranmasına təsir edir.
Azərbaycanda təcili tibbi yardım sistemi dəyişdirilməli və dünya standartlarına uyğun təxirəsalınmaz yardım sistemi yaradılmalıdır. Bu çərçivədə başlanğıc üçün ailə həkimi institutunu formalaşdırılmalı və ilkin mərhələdə sahə həkimləri bu işlərə cəlb edilməlidir”.
Nuray Məmmədzadə
www.yenicag.az