Qərblə əlaqələrdə YENİ MƏRHƏLƏ: "Bu sənəd Azərbaycanın xarici siyasətini daha da möhkəmləndirir"
“Azərbaycan ilə ABŞ arasında imzalanan xartiya iki ölkə arasında iqtisadi tərəfdaşlığın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Əlabbas Məhərrəmli deyib.

O, ABŞ və Azərbaycan arasında imzalanan xartiyanın əhəmiyyəti barədə fikirlərini səsləndirib.
Politoloq bildirib ki, xartiyaya görə tərəflər ayrı-ayrı layihələr üzrə deyil, uzunmüddətli strateji çərçivə əsasında əməkdaşlıq haqqında sənədə imza atdılar.
“Bu sənəddə ən vacib məqamlardan biri ABŞ-nin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini açıq şəkildə təsdiq etməsidir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, ABŞ-nin vitse-prezidenti Azərbaycana səfərindən əvvəl Ermənistanda olmuşdu. Lakin fərqli olaraq, Azərbaycanda səfər ərəfəsində ABŞ-nin aparıcı şirkətlərinin rəhbərləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edildi. Bu fakt Azərbaycanın təhlükəsiz, sabit və etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Eyni zamanda ABŞ şirkətlərinin Azərbaycan bazarına artan marağını və etimadını göstərir.
Hesab edirəm ki, Azərbaycan ilə ABŞ arasında imzalanmış bu xartiya iki ölkə arasında iqtisadi tərəfdaşlığın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu sənəd Azərbaycanın müstəqil xarici siyasətini daha da möhkəmləndirir və Qərb ölkələri ilə əlaqələrin dərinləşməsində bu cür yüksək səviyyəli görüşlərin mühüm rol oynadığını bir daha təsdiqləyir,” – deyə o bildirib.
Nəsimi Ələsgərli













