Bu gün Qətər Əmirliyinin Azərbaycanda səfərdə olan bir qrup jurnalisti və blogeri Azərbaycan Mətbuat Şurasında olub.
Şuradan Yenicag.az-a verilən məlumata görə, qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələrindən söz açıb. Azərbaycana dünyanın müxtəlif ölkələrindən jurnalist axınının olduğunu vurğulayan MŞ sədri bunun ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği baxımından əhəmiyyətli cəhətlərinə diqqət yetirib. O, qətərli jurnalistlərin Azərbaycana səfərinin də bu mənada uğurlu olacağına əminliyini ifadə edib.
Ə.Amaşov həmçinin bildirib ki, Qətər nəinki müsəlman aləmində, eləcə də dünyada qabaqcıl media ənənələrinə malik ölkədir. Buna görə də əmirliyin təcrübəsinin öyrənilməsi və tətbiqi mühüm əhəmiyyət daşımaqdadır. Ə.Amaşov Qətərin Azərbaycandakı səfiri Yusif bin Həsən əl-Sai ilə ötən ilin iyulunda keçirdiyi görüşün bu baxımdan səmərəli nəticələr üçün nikbinlik yaratdığını dilə gətirib.
Azərbaycanda internet medianın sürətlə inkişaf etdiyini vurğulayan MŞ sədri onu da bildirib ki, ölkədə sosial şəbəkə istifadəçilərinin sayı artmaqdadır. Bu isə vətəndaş jurnalistikasının inkişafına təkan verən mühüm faktordur.
MŞ sədrinin müavinləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun, Jurnalistlərin Həmkarlar İttiqafının sədri Müşfiq Ələsgərlinin, Şuranın İdarə Heyətinin üzvləri – “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızının, “milli.az” xəbər portalının baş redaktoru Anar İmanovun, həmçinin Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dekanı Vüqar Zifəroğlunun iştirak etdiyi görüşdə qətərli jurnalist və blogerlərin sualları cavablandırılıb, Azərbaycanda söz və ifadə azadlığının, jurnalistika sahəsində təhsilin vəziyyəti, kütləvi informasiya vasitələrinin yaradıcılıq xüsusiyyətləri, maddi durumu ətrafında fikir mübadiləsi aparılıb, dünya mediası ilə oxşar və fərqli cəhətlər nəzərdən keçirilib.
www.yenicag.az