Qırğızıstan parlamenti – Joqorku Keneşə seçkilər başa çatıb. Yerli vaxtla saat 20:00-da 2435 seçki məntəqəsinin hamısı bağlanıb.
Ötənilki seçkilərə müqayisədə, bu il səsvermədə 1,5 dəfə az seçici iştirak edib.
Qırğızıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 18:00-dək seçki məntəqələrinə 30 faizdən az seçici gəlib.
MSK sədrinin müavini Tınçtıka Şaynazarovun fikrincə, seçici fəallığının aşağı olması bu il seçici səslərinin rüşvətlə alınmaması, insanların kütləvi daşınmaması və digər qanun pozuntularına yol verilməməsi ilə bağlıdır.
Ölkənin yeni qanunvericiliyə əsasən, seçkilərdə iştirak həddi yoxdur. Seçkilər səsvermədə iştirak edənlərin sayından asılı olmayaraq istənilən halda baş tutmuş sayılır.
Qırğızıstanın yeni parlamenti 90 deputatdan ibarət olacaq. Parlamentin deputatları beş il müddətinə seçilir.
***
11:43
Qırğızıstanda yerli vaxtla saat 08:00-da parlament seçkiləri başlayıb.
Yenicag.az xəbər verir ki, 2021-ci il aprelin 11-də keçirilən referendumda qəbul edilən Qırğızıstan Respublikasının Konstitusiyasına əsasən, parlament 90 deputatdan ibarət olacaq və qarışıq seçki sistemi ilə 5 il müddətinə seçilir. Belə ki, 54 deputat proporsional sistem üzrə (siyasi partiyaların namizədlərinin açıq siyahıları üzrə) vahid seçki dairəsi üzrə, 36 deputat isə birmandatlı seçki dairələri üzrə majoritar sistem üzrə seçilir.
Ümumilikdə 2494 seçki məntəqəsi açılıb ki, onlardan 59-u xaricdə fəaliyyət göstərir.
Vahid Seçki Dairəsi üzrə yekun seçici siyahısına 3 703 420 seçici daxildir ki, onlardan 84 min 128 seçici xaricdə yaradılmış seçki məntəqələri üzrə seçici siyahılarına daxil edilib. Birmandatlı seçki dairələri üzrə seçicilərin sayı 3 619 292 nəfər (xaricdə qeydiyyatda olan seçicilər istisna olmaqla) təşkil edir.
Ümumilikdə seçkilərdə 21 partiya və 287 birmandatlı namizəd iştirak edir.
www.yenicag.az