Qocalan Azərbaycan: Uşaqpulu kimlərə verilməlidir? - DEPUTATDAN TƏKLİF
2016-cı ildən etibarən Azərbaycanda doğulan uşaqların sayında ciddi azalma müşahidə edilir, eyni zamanda 2022-ci ildən etibarən hər il 25-30 mindən daha az uşaq doğulur.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov demoqrafik göstəricilərin ildən-ilə azalmasının səbəblərindən və bunun müsbətə doğru həlli yollarından danışarkən deyib.
O qeyd edib ki, bir neçə ildən sonra birinci sinifə gedən uşaqların sayında belə ciddi azalma görəcəyik:
“Uşaqların sayının azalması ölkəni demoqrafik problemlə üz-üzə qoya bilər. Bunun üçün də ailələrin uşaq dünyaya gətirməsinə marağı artırmaq və problemin qarşısını əvvəlcədən almaq lazımdır.
Çoxuşaqlı ailələrə dövlət tərəfindən sosial dəstək verilməsinin səbəbləri müxtəlifdir. Bu səbəblərdən ən birincisi əhalinin azalmasıdırki, bu hal cəmiyyətdə sosial sabitliyə və iqtisadi inkişafa xələl gətirir, ona görə də dövlət çoxuşaqlı ailələrə dəstək verir. Əsas hədəf doğum nisbətinin artırılmasıdır və bunun üçün əhali dəstək paketləri ilə daha çox uşaq dünyaya gətirməyə təşviq edilir”.
Eyni zamanda deputat qeyd edib ki, sosial dəstək dedikdə söhbət bütün xərclərin dövlətin öz üzərinə götürməsindən getmir:
“Bu sadəcə dövlətin müəyyən dərəcəli köməyidir. Düşünürəm ki, uşaqpulu çox uşaq dünyaya gəlsin deyə deyil, mövcud uşaqlar daha təminatlı böyüsün deyə verilməlidir”,- deyə o bildirib.
Nəsimi Ələsgərli












