“Oyun hər iki komanda üçün çox vacibdir. Bu matçda da əlimizə düşən fürsətlərdən maksimum istifadə etməyə çalışacağıq”.
Yenicag.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyada “Dinamo” klubuna qarşı keçiriləcək oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis komandada bir neçə itkinin olmasına baxmayaraq, futbolçuların oyuna yaxşı hazırlaşdığını bildirib:
“İntizamlı oyun nümayiş etdirəcəyimizə inanıram. İstəyirik ki, qrup mərhələsinə vəsiqə qazanaq. Mərhələ adladıqca daha ciddi rəqiblərlə üzləşirik. Həyəcan və məsuliyyət daha da artır. “Dinamo”nun avrokubok təcrübəsi çoxdur. Belə bir rəqibə qarşı oynamaq bizim üçün də xoş və maraqlı olacaq. Xorvatiya klubunun azarkeş dəstəyi çox olacaq. Ona görə də olduqca səliqəli oynamalıyıq”.
Qeyd edək ki, avqustun 20-də Zaqrebdə keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Evdə oynanılacaq cavab görüşü isə ayın 28-də saat 20:45-də başlayacaq./Azertag/
www.yenicag.az