Qusarda hasarın aşması nəticəsində faciə baş verib.
Rayonun Cibir kəndində baş verən hadisə zamanı 2012-ci il təvəllüdlü Arif Əlisultanov, 2010-cu il təvəllüdlü Ramal Şeydayev, 2014-cü il təvəllüdlü Gülay Şeydayeva həyətdə oynayarkən həmin sahənin girəcəyində yerləşən, təxminən, 9-10 il əvvəl mişar daşı ilə hörülmüş hasar, həmçinin hasarın tərkib hissəsi olan daş tumbalar və dəmir qapı uçub.
Hadisə nəticəsində A.Əlisultanov açıq kəllə-beyin travmasıə alaraq hadisə yerində ölüb, digər uşaqlar isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər.
Qeyd edək ki, hadisənin baş verdiyi həyət Valəddin Şeydayevə məxsusdur.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Qusarda hasarın aşması nəticəsində xəsarət alan uşaqların son durumunu açıqlayıb.
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva “Report”un sorğusuna cavab olaraq bildirib ki, hadisə zamanı xəsarət alan 2010-cu il təvəllüdlü Ramal Şeydayev döş qəfəsinin küt travması, pnevma-hematoroks, 2014-cü il təvəllüdlü Gülay Şeydayeva qarın nahiyəsinin küt travması ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
“Hər iki azyaşlı əməliyyat olunub və hazırda onların vəziyyəti stabil-ağır olaraq qalır”, – TƏBİB sözçücü deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində dünyasını dəyişən 2012-ci il təvəllüdlü A.Əlisultanovun meyiti ekspertiziya göndərilib.
www.yenicag.az