Azərbaycan Respublikasının Konstitusiyasına görə, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Son illərdə dünyada və ölkəmizdə radikal dini cərəyanların qorxu və şiddət yayan əməlləri ilə bağlı ciddi narahatlıqlar mövcuddur.
Yenicag.az xəbər verir ki, u fikirləri “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva “Sputnik Azərbaycan” BMMM-də keçirilən “Radikal dini cərəyanlar: Qadınları onların təsirlərindən necə qorumalı?” mövzusunda ictimai müzakirə zamanı deyib. O qeyd edib ki, təşkilat Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsini həyata keçirir.
Layihənin məqsədi Azərbaycan qadınlarının ölkəmizin milli təhlükəsizliyinə təhdid olan radikal dini cərəyanlar və onların təsirlərindən qorunmaq istiqamətində maarifləndirilməsidir.
“Radikal dini cərəyanlar beynəlxalq terrorizmin başlıca “ilham mənbəyi” hesab olunur. Təəssüf ki, bəzən dünyanın ən humanist dini sayılan “İslam”ın adı terrorizmlə yanaşı çəkilir. Özünü islam dininə aid edən, əslində isə təməli islamdan tamamilə uzaq olan bəzi cərəyanlar dindən maddi və siyasi məqsədlər üçün istifadə edirlər. Onların dünyanı lərzəyə salan hərəkətləri islamofobiyanın genişlənməsinə səbəb olub” – deyə Abdullayeva bildirib.
Qadın məsələləri üzrə ekspert Nərmin Şamilbəyli tədbir iştirakçılarına radikal dini qruplaşmalar, onların iş prinsipləri, qadınları necə öz qlobal torlarına saldıqları barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Dövlət Təhlükəsizlik Xidmətinin məsul əməkdaşı Suad Mahmudov cəmiyyətdə radikalizm, terrorizm kimi neqativ amillərin düzgün izahatının aparılmasının məqsədəuyğun olduğunu deyib.
“Radikal dini cərəyanlar öz fəaliyyətlərini genişləndirmək üçün ilk növbədə reklama əl atırlar. Bunun üçün virtual məkandan geniş istifadə olunur. Hansısa səhnələr çəkilir, din alimlərinin çıxışları hazırlanaraq təbliğ olunur. Müasir dövrdə bunu yüksək peşəkarlıqla həyata keçirirlər. Hiss olunur ki, bu radikal təşkilatların arxasında ciddi qüvvələr dayanır. Onlar əhalini öz təsirləri altında saxlamaq və lazım gələndə istifadə etmək üçün bu variantlara əl atırlar” – Suad Mahmudov deyib.
Əgər qarşı tərəf nəyəsə nail olub əlinə müəyyən imkanlar keçirsə, hansısa cəmiyyəti idarə etməyə başlasa, heç kəsin hüquqlarını qorumayacaq və heç kəsin hüquqları barədə düşünməyəcək” – deyən Mahmudov DTX-nın bu cür halların qarşısını almaq üçün cəmiyyətin dəstəyilə kompleks tədbirlər gördüyünü vurğulayıb.
Millət vəkili Fazil Mustafa isə qeyd edib ki, hazırda ölkəmizdə radikal dini cərəyanlara qoşulanlardan çox, cəhaləti, xurafati ehtiva edən dini cərəyanlara qoşulan qadınlar var.
“Mollabacılar, falçılar, cəhalət yığını olan insanların böyük əksəriyyəti də qadınlardır” – deyən Mustafa Azərbaycanda hicab dəbinin olduğunu, bunun da öz-özlüyündə dini təhrif etdiyini vurğulayıb.
“On minlərlə qadın, Gürcüstandan tutmuş, Gəncədən tutmuş imamzadələrdə, pirlərdə gününü keçirir, başını qatır. Əslində əsl təhlükə budur. Çünki radikal cərəyanlara qoşulanları saxlamaq, həbs eləmək, bir şəkildə islah etmək mümkündür. Amma bu cür cahil kütlələrin qarşısını almaq çox çətindir. Bunun üçün ilk növbədə sağlam dini təhsilin verilməsi vacibdir” – deyən deputat hesab edir ki, qadınlara dini doğru öyrətmək lazımdır ki, gedib başqa təsirlərə düşməsinlər.
“Azərbaycanda təhsil almayan qadın qalmamalıdır. Bizim 200 illik məğlubiyyətimizin səbəbi odur ki, Azərbaycan qadınlarının 50%-i savadsızdır. Bunda qadınlarımızın günahı da yoxdur. Çünki onların iqtisadi azadlığı, ailə içində hüquqları yoxdur və öz hüquqlarını qorumaq üçün cəmiyyətin yalançı tabularına tabe olmaq məcburiyyətində qalır” – deyən Mustafa əlavə edib ki, 20-ci əsrin əvvəllərində bir qız məktəbinin açılması ilə qadın intibahı baş vermişdi.
“Trend” İnformasiya agentliyinin direktor müavini, politoloq Arzu Nağıyev isə qeyd edib ki, cəmiyyətimiz dindarlara, münafiqlərə və kafirlərə bölünüb.
“Təcrübəmə uyğun olaraq deyə bilərəm ki, qadınların cəlbetmə prosesi ya vətənpərvərlik əsasında olur, ya siyasi ideyalarla bağlı olur, ya onun haqqında nüfuzdan salan məlumatın olur, ya da maddi əsasda olur” – deyən Nağıyev son vaxtlar 13-14 yaşlı qızların vaxtından əvvəl ərə verildiyini və xarici ölkələrə daşındığını qeyd edib. O bildirib ki, sosial şəbəkələr, eləcə də Rusiyanın “Vkontakte” və “Odnaklassniki”də radikal təşkilatlara cəlbetmə daha çox baş verir. İnsanları əsasən sutkanın üç vaxtında cəlb edirlər: gecə vaxtı (yuxusuz olanda), ac vaxtı və yorğunluq vaxtı. İdmançı kontingentə isə maraq daha çoxdur:
“Məsələn, dünyada yarış zamanı güləşçiyə tatami üzərinə saqqalla çıxmaq qadağandır. Amma güləşçiyə deyirlər ki, sən bunu eləməlisən. Qızlara məcbur edirlər ki, sən artıq məktəbə hicab yox, niqab geyinib getməlisən. Beləliklə, insanı cəmiyyətdən təcrid edirlər. Cəmiyyətdən təcrid ediləndə də, o, tək qalır və tək qalan insanın da beyninə nə desən yeritmək mümkündür”.
Sonra müzakirələrin gedişində “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, teoloq Adin Hüseynoğlu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ülvü Məmmədov, Gənc Demokratlar İnstitutu İctimai Təşkilatınını rəhbəri Yeganə Hacıyeva, psixoloq Zeynəb Əyyubova, sosioloq İsmayıl Kərimov çıxış edərək öz fikir və təkliflərini irəli sürüblər.
“Əgər radikal dini təşkilat nəyəsə nail olub əlinə müəyyən imkanlar keçirsə, cəmiyyəti idarə etməyə başlasa, heç kəsin hüquqlarını qorumayacaq və heç kəsin hüquqları barədə düşünməyəcək”.
Bu sözləri isə, Dövlət Təhlükəsizlik Xidmətinin məsul əməkdaşı Suad Mahmudov “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin “Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində keçirilən “Radikal dini cərəyanlar: Qadınları onların təsirlərindən necə qorumalı?” mövzusunda ictimai müzakirə zamanı deyib.
O qeyd edib ki, dövlətlər arasındakı siyasi münasibətlər radikal dini cərəyanların öz fəaliyyətlərini hansı yöndə quracaqlarını müəyyənləşdirməyə istiqamət verir. Bu imkan verir ki, cərəyanlar öz təsirlərini fəaliyyət göstərdikləri regionlardan kənara çıxarsınlar. Dövlətlər arasında baş verən münaqişələr həmin dövlətlərin sərhədlərinin dəyişməsinə, dövlətlərin zəifləməsinə və iflic vəziyyətə düşməsinə səbəb olur.
“Əgər hansısa dövlət özünü qorumaq istəyirsə, ilk öncə bir dövlət kimi güclənməli, vətəndaş cəmiyyətini inkişaf etdirməlidir. Bu, həm də tələb edir ki, cəmiyyətdə radikalizm, terrorizm kimi neqativ amillərin düzgün izahatı aparılsın, əhaliyə onların hansı fəsadlara gətirib çıxara biləcəyi izah olunsun” – deyən Mahmudov sözügedən təşkilatların iş prinsipindən də danışıb.
“Radikal dini cərəyanlar öz fəaliyyətlərini genişləndirmək üçün ilk növbədə reklama əl atırlar. Bunun üçün virtual məkandan geniş istifadə olunur. Hansısa səhnələr çəkilir, din alimlərinin çıxışları hazırlanaraq təbliğ olunur. Müasir dövrdə bunu yüksək peşəkarlıqla həyata keçirirlər. Hiss olunur ki, bu radikal təşkilatların arxasında ciddi qüvvələr dayanır. Onlar əhalini öz təsirləri altında saxlamaq və lazım gələndə istifadə etmək üçün bu variantlara əl atırlar” – Suad Mahmudov deyib.
DTX nümayəndəsi qeyd edib ki, Azərbaycan xalqı bütün dinlərin evolyusiya mərhələlərini keçib və bu səbəbdən də dini baxımdan çox tolerantdır. Amma bu tolerant vətəndaşların haqları qorunmalıdır, onlara hansısa radikal dini cərəyanların basqı yaratmasına yol vermək olmaz. Bu vəziyyət bizi radikal cərəyanların fəaliyyətinə həssas yanaşmağımızı tələb edir.
O həmçinin xatırladıb ki, ötən il Azərbaycan dövləti İraqda əsirlikdə olan azərbaycanlı azyaşlı uşaqların ölkəyə gətirilməsini təmin edib: “Biz o uşaqları gətirib ailələrinə təhvil verəndə bunun necə acınacaqlı səhnə olduğunu gördük. İnsanlar bu cür səhnələri göz önünə gətirib dərk etməlidirlər ki, qeyri-ənənəvi, radikal dini cərəyanlara qoşulmaq hansı nəticələrə gətirir. Bunun ən ağrılı tərəfi də məhz əhalinin kövrək təbəqəsinin bu prosesə alət olmasıdır”.
www.yenicag.az