Rafiq Əliyevin kitabı 3-cü dəfə nəşr olundu

media-hightechnic-468x90

10923388_1532265107041025_1641115942342492036_nOxucuların çoxsaylı xahişləri nəzərə alınaraq fəlsəfə emləri doktoru, professor Rafiq Əliyevin “İslamda ailə və nikah” kitabının Azərbaycan dilində üçüncü nəşri çap edilib. Kitabda islamda ailə və nikah münasibətlərinə dair faktlara əsaslanan zəngin materiallar toplanıb. Müəllif kitabın dolğun alınmasından ötrü islam aləmində ailə-nikah münasibətlərinin gedişatını müntəzəm müşahidə etməyə cəhd göstərib.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulsa da, müsəlmanlar və islam dini ilə maraqlananlar, onun qayda-qanunlarına uyğun şəkildə ailə qurmaq istəyənlər üçün xüsusi maraq kəsb edir. Burada islamda ailə dəyərləri, nikah və onun növləri, elçilik, nişan və nikah mərasimi, mehr, çoxarvadlılıq, ailə münasibətlərinə xitam vermə, ailə planlanması və digər mühüm mövzulara toxunulub. Kitabda müəllif qeyd edir ki, bu gün bütün müsəlman cəmiyyətləri üçün ayrılıqda bir qədər fərqli şəkildə olsa da, bütövlükdə eyni dərəcədə mürəkkəb və ziddiyyətli inkişaf prosesi səciyyəvidir. Belə ki, bir tərəfdən islama qayıdış meylləri, islamlaşma prosesi sürətlənir, din siyasət sahəsinə daha çox cəlb edilir, digər tərəfdən isə Qərb ölkələri ilə iqtisadi, mədəni və elmi-texniki əlaqələrin güclənməsi bu cəmiyyətlərdə, hətta mühafizəkarlığı ilə seçilən cəmiyyətlərdə belə, Qərb həyat tərzinin müsəlman şüuru üçün qeyri-məqbul təzahürlərinin təbliği və təsirinin güclənməsinə şərait yaradır. Nəticədə ailə-nikah münasibətləri təkamülə doğru gedir, bu münasibətlərdə müəyyən gərginlik, soyuqluq hiss olunmağa başlayır, boşanma halları artır. İslamda ailə-nikah münasibətlərinin təsviri dedikdə, əlbəttə ki, bu münasibətlərin islamın başlıca mənbəyi olan Quran və hədislərdə necə qoyulduğunun izah edilməsini və bu mənbələrin məsələ ilə bağlı tövsiyələrinə, hökm və qadağalarına müasir müsəlman cəmiyyətində necə əməl edildiyinin açıqlanması nəzərdə tutulur.
İslama görə, ailə-nikah münasibətləri insanın özü qədər qədimdir. Allah ilk insanı xəlq etdikdən sonra onun tək olduğunu görmüş və darıxmaması üçün özündən ona yoldaş yaratmışdır. Beləcə, bəşərin atası Adəmin Həvva ana ilə kəbini Allah tərəfindən kəsilmiş və onlar bir-birinə halal edilmişlər. O gün bu gündür, nikah kişi ilə qadını möhkəm tellərlə bir-birinə bağlayan qanuni bir əlaqəyə çevrilib. Bu əlaqələrin hökmləri, şərtləri və normaları sonradan əsrdən-əsrə, ölkədən-ölkəyə, xalqdan-xalqa keçərək müxtəlif forma və məzmun kəsb etmiş və nəhayət, islamın gəlişi ilə konkretləşmişdir.

İslamda ailə-nikah münasibətlərinin tədqiqinə çox əmək sərf olunub. Heç şübhəsiz ki, bu cür məsuliyyətli mövzunu araşdırmağı qarşıya məqsəd qoymuş hər bir tədqiqatçı üçün ilkin mənbə Quran və hədislər olmalıdır, əks təqdirdə problemin təhlili cəhdi heç bir nəticə verməz. Çünki islam ənənəsi bu gün də yalnız öz ilkin mənbəyi olan quran və hədislərə əsaslanan, yaxud onlardan çıxış edən və onlara müvafiq olan fikir və müddəaları məqbul sayır. Kitabı yazarkən professor Rafiq Əliyev də öz növbəsində mötəbər orta əsr müsəlman alimlərinin – müfəssir, leksikoqraf, fəqih və mütəkəllimlərin əsərlərindən bəhrələnmişdir Həmin alimlərin əsərləri ailə-nikah münasibətlərinin araşdırılmasında kitabın müəllifinə yardımçı olmuşdur.
Mövcud ədəbiyyatın təhlili və əldə edilmiş nəticələrin müasir Azərbaycan gerçəkliyi ilə müqayisəsi problemin aktuallığını artırır. Bu təhlil göstərir ki, Azərbaycan islamşünaslığında islamda ailə-nikah münasibətlərinin elmi təhlilinə həsr edilmiş ümumiləşdirici əsər hələlik yoxdur. Ümid edirik ki, oxuculara təqdim etdiyimiz bu kitab qeyd olunan naqisliyi aradan qaldırmağa yardımçı olacaqdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600