Rakitiçin adı dələduzluqda HALLANIR
İvan Rakitiç kriptovalyuta dələduzluğu ilə bağlı ittiham olunur
Yenicag.az “El Periódico” nəşrinə istinadla xəbər verir ki, “Barcelona”nın sabiq ulduzu İvan Rakitiç kriptovalyuta və NFT ilə bağlı maliyyə dələduzluğuna görə araşdırılan şəxslər sırasındadır.
Bildirilir ki, ümumilikdə 6 La Liqa futbolçusu – İvan Rakitiç, Xavyer Saviola, Niko Parexa, Aleksandro “Papu” Qomez, Lukas Okampos və Alberto Moreno 3 milyon avroluq fırıldaqçılıq işi üzrə istintaqa cəlb edilib.
12 nəfərin “Shirtum Europa” adlı şirkətə qarşı şikayətində “böyük qazanc vədi ilə təqdim olunan” kriptovalyuta və NFT layihəsinə yatırım etdikdən sonra ciddi maliyyə itkisinə uğradıqları qeyd olunub. İddialara görə, adı hallanan futbolçular layihəyə öz şəkillərinin və imiclərinin istifadəsinə icazə verib və sosial şəbəkələrdə onu təşviq ediblər.
Hazırda istintaq davam edir və futbolçuların layihənin dələduzluq xarakterli olduğunu bilmədikləri qeyd olunub. Məsələ ilə bağlı yaxın günlərdə rəsmi açıqlamanın verilməsi gözlənilir.
Göycə Göycəyev