Daxili işlər naziri Ramil Usubov Fövqəladə hallar naziri Kamaləddin Heydərovun rəis müavini olan qohumunu işdən çıxarıb.
Nazir Nəsimi rayon Polis Bölməsinin rəis müavini, polis mayoru Əlövsət İsmayılova ağır cəza verib. Vəzifəsindən kənarlaşdırmaqla yanaşı, onun daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı əmr imzalayıb.
Məlumata görə, Ə.İsmayılov Nəsimi rayon Polis Bölməsinə təyin edilməmişdən əvvəl DİN-də daha yüksək vəzifə tuturmuş. Lakin o, işində yol verdiyi nöqsanlara görə postundan uzaqlaşdırılıb və cəza olaraq rəis müavini təyin edilib.
Əlövsət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovun bacanağıdır.
Xatırladaq ki, Ramil Usubov ötən həftə daha bir nazirin qohumunu vəzifədən azad etmişdi. O, müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğlu polis polkovnik-leytenantı Natiq Camalovun Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi vəzifəsindən çıxarılaraq sərəncama götürülməsi ilə bağlı əmr vermişdi.(Aznews)
www.yenicag.az