Rauf Arifoğlu: “Heç biri istefa verməyib”
Müsavat Partiyasının Tovuz rayon təşkilatının üzvləri bəyanat yayaraq rayon təşkilatının tam tərkibdə partiyadan istefa verdiyini bildirib. Bəyanatda bildirilir ki, təşkilat üzvləri partiyanın mərkəzi aparatından zaman-zaman etinasızlıqlar görmələrinə baxmayaraq, fəal rayon təşkilatlarından biri olublar. Amma qurultay ərəfəsində və qurultaydan sonra təşkilat daxilində baş verənlər, təşkilat rəhbərliyinin demokratik prinsipləri tapdalaması, həmin kəslərlə eyni çatı altında mübarizə aparmaq imkanlarını sıfıra endirir: “Bölgə təşkilatı buna görə də bütün müsavatçılardan üzr istəyərək, Tovuz rayon təşkilatının tam tərkibdə partiya üzvlüyündən istefa verdiyini bəyan edir”.
Müsavat Partiyasının Tovuz rayon təşkilatının keçmiş sədri Miryaqub Ağamirli bildirib ki, onları bu addımı atmağa Müsavat Partiyasının qurultayı ərəfəsində yaşananlar, qurultayda baş verənlər və qurultaydan sonrakı proseslər vadar edib.
Müsavat Partiyasından isə bildirilib ki, istefalar olsa da, heç də sözügedən təşkilatın bütün üzvləri istefa verməyib. Partiyanın təşkilat şöbəsindən bu barədə araşdırma aparıldığı qeyd edilib.
YENİCAG.AZ günxeber.com-a istinadən xəbər verir ki, ölkə miqyasında tanınan bir sıra şəxslərin yaxınları da Müsavat Partiyasının Tovuz rayon təşkilatının üzvləridir və onlar istefa verməyiblər. Aldığımız məlumata görə, belə şəxslərdən biri elə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğludur. R.Arifoğlu bununla bağlı əməkdaşımızın sualına cavab olaraq bildirib ki, həm atası, həm də anası Müsavat Partiyasının Tovuz rayon təşkilatının üzvləridir: “Mənim atamla anam indi də Müsavatın Tovuz rayon təşkilatının üzvləridir. Onlar istefa verməyiblər. Bu isə o deməkdir ki, istefa məsələsi təşkilatın bütün üzvlərinə şamil olunmamalıdır. Əldə etdiyim məlumata görə, təşkilatın mənim kəndim olan Öysüzlü özəyi yerindədir”.
R.Arifoğlu bu məsələ ilə bağlı Facebbokda da belə bir status yazıb: “Atam, anam, kənddəki qohumlarım Müsavat Partiyasının üzvləridirlər. Heç biri istefa verməyib, istefa vermək fkirləri də yoxdur. Ümumiyyətlə, Tovuz təşkilatının nominal üzvlərinin 85 faizi istefa verməyib- sadəcə qeyri-fəal vəziyyətdədirlər”.
Onu da öyrəndik ki, Müsavat Partiyasının Tovuz rayon təşkilatının üzvü olan “Yeni Müsavat” qəzetinin əməkdaşı Əlisuvar Qədimov da təşkilatdan istefa verməyib.
Bu məlumatlar isə onu göstərir ki, Müsavatın Tovuz təşkilatının tam tərkibdə istefa verməsi xəbərində xeyli dərəcədə şişirtmələr var.