Reallığın diktəsi və yaxud İran və Rusiyasız qalan Ermənistan: “Paşinyan bilir ki, yeganə yol...”
“Ermənistanın Baş naziri Nikol Paşinyan bilir ki, yeganə yol sülh, Türkiyə və Azərbaycanla normallaşma və vahid, həmrəy bir Cənubi Qafqazın tərkib hissəsi kimi fəaliyyət göstərməkdir”.
Bunu Yenicag.az-a açıqlamasında britaniyalı analitik Neil Uotson deyib.
Siyasi təhlilçi Ermənistanın Baş naziri Nikol Paşinyanın “Yerevan Dialogue” forumunda səsləndirdiyi fikirlərə münasibət bildirib.
Qeyd edək ki, erməni nazir çıxışında Azərbaycanla yeni müharibənin olmayacağını söyləyib. N. Paşinyan onu da əlavə edib ki, əgər Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməzsə, o zaman rəsmi İrəvan yeni konstitusional dəyişikliklərə gedə bilər.
Prosesləri şərh edən N. Uotson isə söyləyib ki, hazırda Ermənistana nə Ukrayna müharibəsi ilə məşğul olan Rusiyanın, nə də HƏMAS-İsrail münaqişəsi ilə diqqəti yayındırılmış İranın dəstəyi var:
“Ermənistan öz ayaqları üzərində durmalıdır. Danışıqlar tamamilə ikitərəflidir. Paşinyan nə etməli olduğunu bilir, lakin revanşistlər arasında siyasi həyatı uğrunda da mübarizə aparır və tez-tez fərqli auditoriyalara müxtəlif bəyanatlar verir. Ümid edək ki, ikitərəfli danışıqların növbəti mərhələsi uzun zamandır gözlənilən sülh müqaviləsinin imzalanmasına doğru aparacaq”.
Rafi Müslümov