Mayın 8-də Misirdə Qəzza zolağında atəşkəs və əsir mübadiləsinə dair danışıqlar başa çatacaq.
Yenicag.az xəbər verir ki, bu barədə “Əl-Qahirə Əl-İxbariyyə” telekanalı yüksək rütbəli məmura istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, onlar İsraili Rəfahda gərginliyin artması təhlükəsi barədə məlumatlandırıblar.
O, Misirin istənilən ssenariyə hazır olduğunu da bəyan edib.
Telekanal bildirib ki, Qahirədə keçirilən danışıqlarda Həmas, Qətər və ABŞ nümayəndə heyətləri iştirak edib.
Bundan əvvəl HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Fələstin hərəkatının Qətər və Misirin Qəzza zolağında nisbi atəşkəslə bağlı təklifini qəbul etmək qərarını açıqlamışdı.
Bunun ardınca İsrailin Hərbi Nazirlər Kabineti Rəfaha hücumları davam etdirmək qərarına gəlib.
Bundan əvvəl İsrail ordusu şəhərin şərqində köçkünlərin məskunlaşdığı bir sıra məhəllələrin azad edilməsini tələb edib. İsrail Ordusu Radiosu təxliyənin 100 minə yaxın insanı əhatə edəcəyini bildirib.
İsrailin qurudan hücumu qorxusu fonunda şərqi Rəfahda yerdəyişmə dalğası başlayıb.
İsrail ordusunun boşaldılmasını tələb etdiyi əraziyə Misirlə sərhəddəki Rəfah keçid məntəqəsi də daxildir.
Rəfah Qəzzaya humanitar yardımların daxil olduğu əsas keçid məntəqəsidir və Qəzza zolağında fələstinlilərin xaricə səyahət etmək üçün istifadə etdiyi yeganə keçid məntəqəsidir.
www.yenicag.az