Rəhman Rəhmanov: “Mənim üçün çox ağırdır”

“Səhnəsiz mənim üçün çox ağırdır. Təsəvvür edin, 48 il teatrda işləyən aktyor qəfildən iki ilə yaxın bir müddətdə yaradıcılığına fasilə versin, işləməsin, necə olar?”

Bunu tanınmış aktyor, Əməkdar artist Rəhman Rəhmanov pandemiya dönəmində bağlı qalan teatrlardan danışarkən Yenicag.az-a açıqlamasında deyib.

Aktyor səhnəsiz əziyyət çəkdiyini, tamaşaçısından uzaq düşdüyünü ürək ağrısı ilə ifadə edib:

“Bu aktyor neyləməlidir, özünüz fikirləşin. Bu illər ərzində sevdiyimiz, Allahın bizə bəxş etdiyi sənətdən ayrı düşmək aktyora necə təsir edər? Əlbəttə, ağır. Bu yalnız aktyorlar üçün deyil, teatrda işləyən digər peşə sahibləri-rejissorlar, rəssam və başqaları üçün də çox çətindir. Deyirlər, vaksin vurulmalıdır ki, xəstəlikdən canımız qurtarsın və teatrlar açılsın. İki dəfə vaksin də vurdumuşam, üçüncüyə hazırlaşıram. Hər bir şeyə rəğmən, teatrsız qalmaq mümkün deyil. Biz bu gün teatrlara daxil ola bilmirik, tamaşaçı ilə ünsiyyətimiz yoxdur, məşq prosesi dayanıb. Artıq iki ilə yaxındır ki, etmək istədiklərimizi də yaddan çıxarmışıq. Yeni tamaşalar hazırlamaq arzusundayıq. Köhnə repertuarımız da yadımızdan çıxıb. Gərək onları da yada salaq. İstərdik ki, teatrların açılmasına icazə verilsin. Biz də artıq sənət məbədimizə dönək, tamaşaçmızla ünsiyyətdə olaq, əvvəlki formamıza qayıdaq”.

Cəvahir