“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük HospitalınınPoliklinika rəisi, kardioloq Dr.Tamilla Əliyeva “Risk qrupuna daxil olanlar COVİD-19 virusundan necə qorumanlıdırlar?” sualını cavablandırıb.
Artıq bir aya yaxındır ki, ölkəmizdə COVID-19 infeksiyasına yoluxanların sayı 2000-ni keçərək, antirekord bir göstəriciyə çatıb. Çox təəssüf ki, hazırda bu virusa yoluxanların arasında ölüm halları da artmaqdadır. Vəfat edənlərin əksəriyyəti əsasən, yanaşı xəstəliyi olan və xəstəliyin ağır səviyyəsində xəstəxanaya gətirilənlərdir.
Payız-qış aylarında digər respirator xəstəliklər kimi, COVID-19 infeksiyasının da geniş yayılacağı gözlənilən idi. Mövsüm xəstəliklərinin sayı məhz payızdan qışa keçən dövrdə artdığına görə COVİD-19 da bütün dünyada olduğu kimi, Azərbaycanda da kəskin artıb. Buna görə yanaşı xəstəlikləri olan insanlar daha diqqətli olmalıdırlar. Belə ki, hər hansı yanaşı xəstəlik, məsələn, hipertoniya, şəkərli diabet, böyrək çatışmazlığı, ürək-damar xəstəlikləri, ürək çatışmazlığı, bronxial astma, tənəffüs yolları xəstəlikləri, qaraciyər xəstəlikləri, ağciyər xəstəlikləri, onkoloji xəstəliklər, mədə-bağırsaq xəstəlikləri olan insanlar koronavirusa yoluxarsa, bu, daha ağır fəsadlarla nəticələnə bilər.
COVID-19 infeksiyası mərkəzi sinir sistemi və beyində bir çox problemlərin də yaranmasına, ensefalopatiya, insult və digər nevroloji ağırlaşmalara gətirib çıxara bilər. Yeni növ koronavirusa yoluxanların 80%-də nevroloji əlamətlər bu və ya digər formada özünü göstərir. Öskürək, yüksək temperatur və nəfəs almaqda çətinlik çəkmək kimi simptomlarla müşahidə olunan bu xəstəliyi
yaşlı və yanaşı xəstəlikləri olan insanlar daha ağır keçirir və bu, onların həyatı üçün ciddi təhlükədir.
Ümumiyyətlə, yaşı 70 yaşdan yuxarı olan insanlar onsuzda risk qrupuna daxildir. Yanaşı xəstəlikləri olanlar arasında isə gəncləri də görmək olur. Ona görə də bu insanlar özlərini daha ciddi qorumalı, ara məsafə saxlamalı və zəruri olmadıqda özlərini təcrid etməlidirlər. Risk qrupuna daxil olan xəstələr özlərində koronavirus əlamətləri hiss etdikdə, dərhal həkimə müraciət etsinlər. Xəstəliyi adi qrip bilib özünümüalicə qətiyyən olmaz, çünki, bu adi qrip olmayıb, yeni növ koronavirus ola bilər. Bu xəstəliyi hər kəs fərqli keçirir, müalicə də fərqli olur. Mütləq həkimə müraciət edilməlidir ki, müalicəyə başlamağa gec olmasın.
Koronavirusdan qorunmaq üçün hər şeydən əvvəl, gigiyena qaydalarına riayət etməyi yaddan çıxarmayın: maska, əlcək, spirtdən istifadə edin. İctimai yerlərdə ara məsafə gözləyin. Bununla həm özünüzü, həm ətrafınızdakı insanları qorumuş olarsınız. Maskadan qapalı yerlərdə mütləq istifadə edin və 2-3 saatdan bir dəyişin. Ara məsafə saxlayın, əllərinizi tez-tez sabunla yuyun və ya spirtlə silin.
Tutacaqlarda, qapılarda və digər səthlərdə virusun uzun müddət qaldığını nəzərə alaraq, əllərinizi gözünüzə, ağzınıza və burnunuza yaxınlaşdırmayın, əllərinizi yaxşı-yaxşı yuyun. Ən başlıcası isə zəruri bir işiniz olmazsa evdən çıxmamaq, digər şəxslərlə təmasları azaltmaq, qonaq qəbulu və qonaq getməyi dayandırmaq lazımdır. Mümkün qədər evdə qalmağa çalışın. Virus bizimlə artıq 10 aydan çoxdur ki, yaşayır. Onunla mübarizə aparmaqla yanaşı, öz həyat tərzimizi də ona uyğunluşdurmalıyıq. Bu barədə nə qədər çox danışsaq da, problem yenə aktual olaraq qalır.
Gözləmək lazım deyil ki, virus tezliklə öz-özünə çıxıb gedəcək. Öz sağlamlığımıza və ətrafdakıların sağlamlığına diqqətli olmalıyıq. Unutmayaq ki, 3 qızıl qaydaya ciddi riayət etməklə – maskadan istifadə, əllərin tez-tez yuyulması və ya spirtlənməsi, ara məsafənin saxlanılmasına riayət etməklə koronavirus riskini xeyli azaltmaq mümkündür.
www.yenicag.az