“Rolls-Royce” şirkəti Bakıda ilk salonunu açıb
Məşhur “Rolls-Royce” avtomobil markası Qafqaz regionunda ilk rəsmi salonunu Azərbaycanda açıb.
Bakıda açılan avtosalon “Rolls-Royce Motor Cars” şirkətinin Azərbaycanda rəsmi dileri və nümayəndəsi “İmprotex Motors” MMC-nin rəhbərliyi ilə fəaliyyət göstərəcək.
Oktyabrın 28-də keçirilən açılış mərasimində çıxış edən “Rolls-Royce Motor Cars” şirkətinin baş icraçı direktoru Torsten Müller-Ötvös bildirdi ki, şirkət biznesini əsasən inkişaf edən bazarlarda qurur. Bakı kimi böyük potensiala malik şəhərdə yeni avtosalonun açılması bu baxımdan tamamilə məntiqlidir. “Salonumuzun tarixiliyi və müasirliyi bir arada cəmləşdirən, gündən-günə inkişaf edən Bakıda açılmasından çox məmnunam. Ölkənizin iqtisadi inkişafı dəbdəbəli məhsullara tələbatın artımı ilə müşahidə olunur. Azərbaycanda artıq dayanıqlı bahalı məhsul bazarı formalaşıb və bir çoxlarının fikrincə, ölkə növbəti mərhələyə – dünya tələbatı ilə ayaqlaşmağa hazırdır”, – deyə T.Müller-Ötvös qeyd etdi.
“Improtex Motors” şirkətinin baş direktoru Həsən İsmayılov diqqətə çatdırdı ki, indiyədək heç bir “Rolls-Royce” sahibi öz avtomobilindən narazı qalmayıb. Məhz bu səbəbdən şirkət Azərbaycanda superlüks etalonunu müəyyən etməyi planlaşdırır.
Qeyd edək ki, paytaxtın Ə.Əlizadə küçəsi, 5 ünvanında yerləşən “Rolls-Royce Motor Cars Baku” salonunda 2014-cü ilin “Ghost 2”, “Wraith 2”, “Phantom 2” avtomobilləri nümayiş olunur. Burada ziyarətçilərə xüsusi “Bespoke” xidməti də təklif edilir. Müştərilər bu proqram çərçivəsində öz fərdi “Rolls-Royce” avtomobillərini sifariş edə biləcəklər. Proqram 44 mindən artıq rəng palitrası və geniş dəri spektrinə malikdir.