“Rum liderin addımı “təsadüfi protokol” deyil” - Güvən Arıklı skandal TƏDBİRDƏN DANIŞDI
Cənubi Kipr Rum Administrasiyasının (GKRY) prezidenti Nikos Xristodulidisin, Şimali Kipr Türk Respublikasının yeni prezidenti Tufan Erhürmanla keçirəcəyi görüşdən bir neçə saat əvvəl, Kipr türklərinə qarşı soyqırım həyata keçirən terror təşkilatı EOKA-nın muzeyinin açılışını etməsi və təşkilatın başçısı Georgios Qrivasın pulemyotlu fotosu önündə şəkil çəkdirməsi böyük rezonans doğurub.
Rum rəhbərin Ada ilə bağlı önəmli görüş ərəfəsində atdığı bu təxribat xarakterli addımı Yenicag.az-a dəyərləndirən, Kiprdə fəaliyyət göstərən “Həqiqət” qəzetinin baş redaktoru, professor Güvən Arıklı hesab edir ki:

“Kipr Rum İdarəsinin lideri Nikos Xristodulidisin EOKA-nın qurucusu Yeorqios Qrivasla əlaqəli Xlorakadakı muzeyin açılışında iştirak etməsi, siyasi baxımdan “təsadüfi bir protokol” görüntüsündən çox-çox irəli gedir. Bu seçim, bir liderin hansı tarixi mirasa sahib çıxdığını və ictimaiyyətə necə bir ideoloji yönüm təqdim etdiyini açıq şəkildə göstərən simvolik bir addımdır.”
Kiprin ən qaranlıq səhifələrində adı çəkilən, separatçı və terror əsaslı bir təşkilatın qurucusu ilə əlaqəli bir məkanın açılışında yer almaq, uzlaşma, ortaq gələcək və iki icmalı sülh ritorikası ilə uzlaşmır. Liderlik mövqeyində olan bir şəxsin atdığı hər addımın mesajı yalnız daxili ictimaiyyətə deyil, adanın hər iki tərəfinə və beynəlxalq ictimaiyyətə çatır. Dolayısıyla, bu ziyarət Xristodulidisin illərdir sərgilədiyi “mötədil və həll tərəfdarı” profilinin arxa fonunda daha fərqli bir ideoloji meylin mövcud olduğu barədə ciddi suallar doğurur.
“Bu cür simvolik addımlar, Rum tərəfdəki siyasi rəqabətin klassik millətçi reflekslərlə qidalandığını, sülh və həll ritorikasının isə bəzən taktiki səviyyədə qaldığını xatırladır. Kipr kimi həssas bir mövzuda liderlərin atdığı hər addım məsuliyyət tələb edir. Xristodulidisin bu seçimi, məsuliyyət daşımaqdan çox, keçmişin kölgəsini bugünün siyasi müstəvisinə daşımaq anlamına gəlir”, – deyə Güvən Arıklı vurğulayıb.
Amir Aqiloğlu












