Runi Bardqji Kataloniyada – “Barça”nın YENİ TRANSFERİ
İsveçin gənc istedadı Runi Bardqji “Barcelona”ya keçidini tamamlayaraq Kataloniyaya gəlib. 19 yaşlı vingerin transferi bir neçə həftə əvvəl 2 milyon avro qarşılığında razılaşdırılmışdı və bu gün rəsmi şəkildə açıqlanacaq.
Yenicag.az xəbər verir ki, gənc futbolçu artıq tibbi müayinənin ilk mərhələsini uğurla başa vurub. Bazar günü “Barcelona”nın məşq bazasında mövsümöncəsi təlim-məşq toplanışından öncə qalan testlərdən də keçəcəyi gözlənilir.
Bardqji bu gün Barselona hava limanına enərkən İspaniyanın “SPORT” nəşrindən olan jurnalist Karlos Monfort ilə qarşılaşıb. Qısa söhbət zamanı futbolçu transferlə bağlı hisslərini belə ifadə edib:
“Barcelona” ilə müqavilə imzaladığım üçün çox xoşbəxtəm. Bu, gerçəkləşən bir xəyaldır”.
Qeyd edək ki, Runi Bardqji indiyədək peşəkar karyerasında 107 oyuna çıxıb, 23 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc futbolçunun “Barcelona”nın gələcək planlarında mühüm yer tutacağı gözlənilir
Göycə Göycəyev