“Azərbaycanın bu addımı Rusiyanı qıcıqlandıracaqsa, bu, artıq onların problemidir”.
Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Rusiyanın Azərbaycana “Bal-E” raket sistemlərinin satışından imtinasını şərh edən politoloq Arzu Nağıyev deyib.
Arzu Nağıyevin sözlərinə görə, Rusiyanın bu addımı Azərbaycan üçün ciddi rol oynamır:
“Necə imtina edib? Həmin raket sistemlərinin alınmasına dair müqavilə imzalanıb. Qarşı tərəflə hər hansı məsləhətləşmə aparmadan birtərəfli qaydada o müqaviləni necə pozmaq olar? Əgər müqavilə varsa, o sazişi pozmaq üçün ciddi səbəblər olmalıdır, anlaşmanı pozan tərəf bunun üçün tutarlı arqumentlərə əsaslanmalıdır.
Biz digər sahilyanı dövlətlərlə birlikdə Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi haqda saziş imzalamışıqsa, bu, həmin ölkələrin, xüsusilə Rusiyanın təhlükəsizliyinə təhdid yaratmır.
Ancaq belə düşünürəm ki, bu məsələ ən yüksək səviyyədə öz həllini tapacaq. Yox, əgər Rusiya Azərbaycanı özünə təhlükə kimi görürsə, bu yanaşma iki ölkənin münasibətlərində çox ciddi məqam olaraq, ciddi surətdə arqumentləşdirilməlidir. Azərbaycan hələ ki bu məsələyə rəsmi münasibətini bildirməyib.
Rusiyanın həmin raket sistemlərinin satışından imtinası o silahların qiymətinin artırılması niyyəti ilə bağlıdırsa, bu, biznesdir, hər şey ola bilər. Azərbaycan müdafiə sahəsində tək Rusiya ilə deyil, Türkiyə, İsrail, Pakistan, Ukrayna və bir çox başqa dövlətlərlə əməkdaşlıq edir.
Azərbaycan müstəqil dövlət kimi daxili və xarici siyasətini özü müəyyənləşdirir. Bizə hansı ölkələr sərf edirsə, onlarla da əməkdaşlıq edir və ticarət aparırıq. Rusiyanın “Bal-E” raket sistemlərinin satışından imtinası Azərbaycan üçün ciddi rol oynamır. Azərbaycan başqa ölkələrdən də silah və texnika ala bilər.
Azərbaycanın bu addımı Rusiyanı qıcıqlandıracaqsa, bu, artıq onların problemidir. Siyasətdə əbədi dostluq və dümənçilik deyil, hər bir dövlətin öz maraqları var. İstənilən ölkə öz siyasətini maraqlarına uyğun qaydada müəyyənləşdirir”.
Qafqaz Ömərov