İlham Əliyevin Əbu-Dabi səfərini necə oxumalıyıq? - Türkiyəli ekspert “Yeni Çağ”a Azərbaycanın yeni iqtisadi konseptindən yazdı
Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə Əbu-Dabiyə gerçəkləşdirdiyi rəsmi səfər klassik diplomatik təmasların hüdudlarından kənara çıxaraq iqtisadiyyatlarının mərkəzində fosil yanacaqların dayandığı iki ölkənin gələcək perspektivlərində baş verən transformasiyanı simvolik şəkildə əks etdirməsi baxımından xüsusi əhəmiyyətlidir.

Belə ki Azərbaycan Prezidenti İlham Əliyevin işgüzar səfərinin əsas mövzusunu BƏƏ tərəfindən təşkil olunan “Games of the Future 2025” tədbiri təşkil edib. Bu çərçivədə İlham Əliyev tədbirin açılış mərasimində iştirak edib. “Games of the Future 2025” fiziki idman növləri ilə rəqəmsal oyunları bir araya gətirən və elmi ədəbiyyatda “phygital” kimi tanımlanan hibrid quruluşa malik innovativ qlobal idman təşkilatıdır.
İştirakçılar həm real, həm də virtual mühitdə mübarizə apararaq performans sərgiləyir, fiziki bacarıqlar, rəqəmsal səriştələr və texnoloji infrastruktur eyni zamanda qiymətləndirilir. Bu xüsusiyyəti ilə “Games of the Future” təkcə idman və ya “e-idman” tədbiri olmaqdan çıxaraq idman, texnologiya və rəqəmsal mədəniyyətin kəsişməsində gələcəyin rəqabət və tamaşaçılıq anlayışına dair konkret prototip kimi ön plana çıxır.
Məlum olduğu kimi, Azərbaycan iqtisadiyyatı tarixi olaraq neft və təbii qaz gəlirlərinə dayanan struktura malikdir. Bununla belə, son illərdə ölkə bu asılılığın azaldılması və iqtisadi müxtəlifliyin artırılması istiqamətində həyata keçirdiyi siyasətlə diqqət çəkir. İlham Əliyevin texnologiya mərkəzli tədbirə önəm verərək burada şəxsən iştirak etməsi Azərbaycanın yalnız fosil yanacaq gəlirlərinə əsaslanan iqtisadi modeldən çıxaraq rəqəmsallaşma, innovasiya və yüksək əlavə dəyərli sektorlar vasitəsilə dayanıqlı inkişaf modelini qurmaq səylərinin simvolik göstəricisi kimi dəyərləndirilə bilər. Eləcə də Azərbaycan son illərdə müdafiə sənayesi başda olmaqla, bir çox sahədə texnoloji təşəbbüsləri ölkə daxilində dəstəkləməkdədir. Xüsusilə startap mədəniyyətinin inkişafı üçün müxtəlif dövlət dəstəkləri təqdim edilir.
Oxşar şəkildə BƏƏ-nin “Games of the Future 2025” kimi yüksək texnologiya yönümlü bir tədbirə ev sahibliyi etməsi BƏƏ-nin iqtisadi transformasiya strategiyasının mühüm bir istiqamətini ortaya qoyur. BƏƏ hər nə qədər hazırda da fosil yanacaq gəlirlərindən əhəmiyyətli dərəcədə faydalanan bir iqtisadiyyata malik olsa da, son illərdə süni intellekt, rəqəmsal infrastruktur, kosmos texnologiyaları, bərpa olunan enerji və yaradıcı sənayelər kimi sahələrdə ciddi investisiyalar həyata keçirməkdədir. Bu kimi qlobal tədbirlər vasitəsilə BƏƏ fosil yanacaqlara əsaslanan iqtisadi modelin uzunmüddətli perspektivdə davamlılığını itirəcəyinin fərqində olduğunu və gələcəyin iqtisadi paradiqmalarına uyğunlaşmaq iradəsini açıq şəkildə ortaya qoyur.
Nəticə etibarilə Azərbaycanın qlobal iqtisadiyyatda müşahidə olunan böyük struktur dəyişikliyi nəzərə almaqla iqtisadiyyatını texnologiya yönümlü bir quruluşa çevirmək səyləri ölkənin uzunmüddətli rəqabət qabiliyyəti baxımından həlledici əhəmiyyət daşıyır. Qarşıdakı dövrdə qlobal miqyasda ayaqda qala biləcək və müəyyənedici rol oynayacaq aparıcı sektorların sırasında texnologiya, rəqəmsal iqtisadiyyat və dayanıqlı kənd təsərrüfatı (xüsusilə orqanik kənd təsərrüfatı) ön plana çıxacaq. Bu səbəbdən fosil yanacaq gəlirlərini bir keçid aləti kimi dəyərləndirərək texnologiya və innovasiya əsaslı inkişaf modelinə yönəlmək Azərbaycan üçün olduğu qədər oxşar iqtisadi quruluşa malik ölkələr üçün də strateji zərurət kimi meydana çıxır. Başqa sözlə, iqtisadiyyatı fosil yanacaqlar üzərində qurulan ölkələr üçün bu iqtisadi transformasiya həyati əhəmiyyət daşıyır.
Əhməd Sağlam
Xarici siyasət mütəxəssisi
Özəl olaraq “Yeni Çağ” üçün












