“Rusiya Azərbaycanı şantaj edəcək” – Rusiyalı politoloq

Moskvanın Ermənistan və miqrantlar vasitəsilə Azərbaycanı şantaj edəcəyi bildirilir.

Bunu Yenicag.ru-ya açıqlamasında Rusiyalı politoloq, “North&Eastern Europe Research Political Center” Mərkəzinin rəhbəri Aleksandr Sıtin ABŞ və Rusiyanın Azərbaycan uğrunda mümkün geosiyasi mübarizəsini şərh edərkən deyib:

“Mənə belə gəlir ki, ABŞ və Rusiya arasında qarşıdurma perspektivi kifayət qədər uzaq gələcəyin işidir. Əvvəla, Ermənistanla bağlı məsələdə hələ heç nə birmənalı şəkildə aydın deyil. Rusiyadan vassal asılılığı Ermənistan cəmiyyətində müəyyən qeyri-məmnunluq yaradır və bu məsələdə həmrəylik yoxdur.

İkincisi, Suriya, Şimali Koreya və ən əsası Ukrayna problemləri həll edilmədən, Cənubi Qafqazda yeni cəbhənin açılması Rusiya və ABŞ üçün ifrat yüklənmə olardı.

Üçüncüsü, mən hələlik, Azərbaycanın geosiyasi tərəfdaş seçimində birmənalı vektorunu görmürəm”.

Politoloqun sözlərinə görə, Azərbaycanın perspektivdə Yanukoviç kimi “iki stulda oturması” mümkün olmayacaq:

“Rusiya Azərbaycana təzyiq edə bilərmi? Bu təzyiqin aşağıdakı istiqamətləri ola bilər: Qarabağ məsələsində Azərbaycanın Ermənistan vasitəsilə şantaj edilməsi, Ermənistanın Avrasiya ilə inteqrasiyasına dair söhbətlərin intensivləşməsi, ona silah və enerji daşıyıcılarının verilməsi.

Rusiyanın əl ata biləcəyi mümkün təzyiqlərin ikinci istiqaməti isə miqrasiya siyasəti ola bilər. Rusiyada çox sayda azərbaycanlı və erməni yaşayır. Rusiya bu faktdan təzyiq rıçaqı kimi istifadə edəcək”.

Sıtin əlavə edib ki, mümkün təzyiqlərin üçüncü tərkib hissəsi enerji daşıyıcılarının ixrac ticarəti və “İpək yolu” ilə bağlı ola bilər:

“Sonuncu məqam mənim özümə də inandırıcı görünmür. Ancaq Rusiya Çinin marağını cəlb etmək və özünün regiondakı əhəmiyyətini artırmaq üçün bu yolu keçməlidir.

Ümumilikdə isə situasiyanın dəqiq təhlilini Azərbaycan hökuməti beynəlxalq prioritetlərini müəyyənləşdirdikdən sonra vermək mümkün olacaq”.

COP29