“Rusiya atəşkəs imzalana qədər müəyyən strateji məntəqələri ələ keçirmək, möhkəmlənmək, bununla da danışıqlar masasında əlini gücləndirməyə çalışır”.
Bu sözləri Rusiya-Ukrayna müharibəsinin sahədəki gedişini Yenicag.az-a şərh edən hərbi ekspert Ramil Məmmədli deyib.
O, bildirib ki, Ukrayna maksimum şəkildə hücumun qarşısını almağa çalışır:
“Ukraynadakı müharibənin dayandırılması yönündə ABŞ və Rusiya arasındakı danışıqlara baxmayaraq, Rusiya ordusunun hücum əməliyyatları davam edir. Bu gün baxsaq, müharibənin formasının dəyişdiyinin şahidi olarıq. Rusiya bütün cəbhə boyu hücum əməliyyatlarını bərpa edib. Bir həftə əvvələ qədər Xarkov, Luqansk, Xerson istiqamətində müdafiədə dayanan rus ordusu – hansı ki, Donetsk vilayətində, Zaporojya istiqamətində hücumları həyata keçirirdi – artıq Kursk vilayətindən Sumı vilayətinə doğru ordunun hərəkəti hiss olunur. O cümlədən, Xarkov və Xerson istiqamətində də Rusiya ordusunun hücuma başlamasına dair xəbərlər gəlməkdədir.
R. Məmmədlinin fikrincə, Rusiya ordusunun son bir neçə ay ərzində əməliyyatlarını təhlil etsək, görərik ki, əsas qarşıya qoyulan tapşırıq Donetsk vilayətini tamamilə işğal etmək, bununla da Zaporojya şəhəri istiqamətində möhkəmlənməkdir:
“Rus ordusu ilə Zaporojya şəhəri arasındakı məsafə təxminən 40-50 km-dir. Bu, mövcud döyüş şəraiti üçün uzaq məsafə hesab olunmur. Rusiya atəşkəs imzalana qədər müəyyən strateji məntəqələri ələ keçirmək, möhkəmlənmək, bununla da danışıqlar masasında əlini gücləndirməyə çalışır. Ümumilikdə, Rusiya ordusu yerüstü əməliyyatlara daha çox üstünlük verir. Raket zərbələri yalnız birinci eşelon istiqamətində yerləşən dayaq məntəqələrinə endirilir. Rusiya dərinlikdə yerləşən strateji nöqtələri deyil, ordunun qarşısındakı məntəqələri sıradan çıxarmaqla irəliləmək istəyir”.
“Ukrayna tərəfi isə müdafiəni maksimum gücləndirməyə çalışır. Dərin müdafiə eşelonları formalaşdırır. Ukrayna maksimum şəkildə hücumun qarşısını almağa çalışır. Ukraynanın ən böyük problemi şəxsi heyətlə bağlıdır. Ruslar artıq mobil qruplarla hücumları həyata keçirir və irəliləməyə nail olur. Rusiya aparılan müharibədə 120 min kvadrat km ərazini işğal edib. Bununla da Ukrayna Qara dəniz və Azov istiqamətindəki mövqelərini itirib. Əsas təhlükələrdən biri də Xarkovdur. Əgər Rusiya Sumı vilayətində istəyinə nail olarsa, Kursk vilayətindəki Ukrayna ordu birləşmələri mühasirəyə düşə bilər”, – deyə o, fikirlərini tamamlayıb.
Səxavət Məmməd
www.yenicag.az