“Rusiya icazə verib ki, Ermənistan,…”
Son günlər Ermənistanın işğal etdiyi ərazilərimizdə vəziyyətin gərginləşməsi qonşu dövlətləri də narahat edib. Avqustun 8-də Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Rusiya Xarici İşlər naziri S.Lavrov bölgədəki gərginliyi azaltmaq üçün üçtərəfli görüşün vacibliyini bildirib.
Politoloq Rüstəm Məmmədov da verdiyi açıqlamada bu görüşün vacibliyini vurğuladı: “Təbii ki, dinc danışıqlara hamının ehtiyacı var, o cümlədən, Azərbaycanın. Amma son günlər baş verənlər bizdə çaşqınlıq yaradıb. Biz, əslində, Ermənistanın son dövrdəki azğınlığının səbəbini anlamağa çalışırıq. İkinci tərəfdən Rusiya öz maraqlarını gündəmə gətirəcək. Hansı mövqedə dayandığı isə bundan sonra bəlli olacaq. Bir balaca gözləyək, mütləq buna nöqtə qoyulacaq”. Politoloq Fərhad Mehdiyev isə deyir ki, bu gün cəbhədəki gərginliyin səbəbkarı Rusiyadır: “Rusiya icazə verib ki, Ermənistan cəbhədə Azərbaycana təzyiq etsin. Bu isə Ermənistanın bölgədə mövqeyinin qırılmasına hesablanıb. Lakin görünən budur ki, Rusiya Azərbaycanın müharibəyə başlamasına da xoş baxmır, təkcə xırda döyüşlərin aparılmasına göz yumur. Rusiya Soçi görüşündə Ermənistanın işğal etdiyi 3-5 rayonumuzun boşaldılmasını istəyəcək. Oraya Rusiya sülhməramlıları yerləşdirmək üçün. DQ isə referendum tarixini qeyri-müəyyən vaxta qədər təxirə salır. Hər halda Rusiyanın planı belədir. Rusiyanın bu məsələdə əsas məqsədi cəbhə bölgəsinə öz ordusunu yerləşdirməkdir. Avrasiya İttifaqı Rusiya üçün ikinci dərəcəlidir”.
Politoloq yerli mətbuatda son günlər döyüş bölgəsindən verilən xəbərlərə də münasibət bildirdi: “Kəndlərin işğaldan azad olunduğu haqqında yayılan xəbərlər, əslində, rəsmi dairələrdə təsdiq olunmayıb. Kəndlərin azad edilməsi üçün ağır döyüş texnikası və aviasiyalardan istifadə olunmalıdır, əks halda canlı qüvvə itkisi çox olar. Bu da geniş çaplı müharibə mənasına gəlir ki, bu qədər təzyiqə Rusiyanın göz yumacağı inandırıcı deyil”. Politoloq Rüstəm Məmmədov isə mətbuatın cəbhə bölgəsində baş verənlərlə bağlı kimin nə gəldi yazmasını qınadı: “Ağıla gələni yazmaq olmaz. Bu, ümumi işimizə xələl gətirir. Hərə öz istəyini yazmaq, öz arzusunu təqdim etməklə heç nəyə nail olmaq olmaz. Alınan rayonların boşaldılması ilə bağlı rəsmi açıqlama yoxdur, deməli, bu, boş söhbətdir. Rusiya Azərbaycanın Avrasiya İttifaqına daxil olmasını, Azərbaycan isə işğal olunmuş ərazilərinin geri qaytarılmasını istəyir. Axırı necə olacaq, bunu ancaq tarix göstərəcək. Bəri başdan proqnoz vermək doğru deyil”.