“Rusiya ilə ABŞ arasındakı məhbus prosesi birdən-birə olmayıb. Əldə olunan məlumatlara görə 2 ildir ki, danışıqlar davam edirdi”.
Bu sözləri Yenicag.az-a açıqlamasında ötən gün Rusiya və ABŞ arasına baş tutan məhbus mübadiləsi ilə bağlı danışarkən Siyasi Menecment İnstitutunun rəhbəri, müstəqil siyasətçi Azər Qasımlı deyib.
Onun fikrincə, sözügedən prosesdə dəyişilməli əsas şəxs mərhum Aleksey Navalnı idi:
“Zaman gələcək, onun və proseslərin gedişatı barəsində mütləq filmlər çəkiləcək.
Hazırda bizim gördüyümüz odur ki, Rusiya həbsxanalarında siyasi məhbuslar çoxdur və insanlar fikirlərinə görə həbs olunublar, hüquqları pozulub. Bu insanların da heç biri cinayətkar deyil, əksinə, siyasi məhbuslardır”.
“Lakin Qərbin əlində olan şəxslərin identifikasiyası fərqlidir.
Onlardan birinci kateqoriya olan adamlar Federal Təhlükəsizlik Xidmətinin (“FSB”) agentləri olub.
İkinci kateqoriya kibercinayətdə əli olan şəxslər idi. Onlar 2016-ci il ABŞ seçkilərinə kibermüdaxilə etmişdilər. Sonuncu kateqoriyadakı şəxs isə Vadim Krasikovdur. O, 2019-cu ilin avqustunda Almaniyada çeçen əsilli aktivist Zelimxan Xanqoşvilini qətlə yetirmişdi. Krasikov da “FSB”-nin agenti idi ki, bu məsələdə məhkəmədə tam sübut olunmuşdu”, – deyə o, əlavə edib.
A. Qasımlının sözlərinə görə, burada söhbət ondan gedir ki, dünən qatı cinayətkarla məhbus həyatı yaşayan insanlar dəyişildi:
“Bu kontekstdə də Putin Rusiyasının öz maraqları var idi. Böyük ehtimalla, Rusiya Vadim Krasikovu almaq istəsə də, Almaniya onu verə bilmirdi. Verə bilməməsinin siyasi və hüquqi tərəfi isə bu idi ki, bu adam qatildir və onu qaytarmaq olmaz. Almaniya hüquqi dövlət olduğu üçün kansler istədiyini edə bilmir”.
“Digər tərəfdən də Rusiya həbsxanalarında nə qədər məhbus var ki, onların çoxu hamı tərəfindən tanınılır. Bunlar Vladimir Kara-Murza, İlya Yaşin, “AzadlıqRadiosu”nun müxbiri Alsu Kurmaşeva, “Wall Street Journal” qəzetinin jurnalisti Evan Gerşkoviç və Miçiqan şirkətlərindən birinin təhlükəsizlik direktoru Pol Uilan və digərlər idi. Yəni hər iki tərəf üçün önəmli olan şəxslər mövcud idi. Hətta Almaniya kansleri Olaf Şolts da söylədi ki, mənəvi tərəfdən Krasikovu geri qaytarmaq çətin idi. Burada çətin nöqtələr özünü büruzə verdi”, – müstəqil siyasətçi vurğulayıb.
Həmsöhbətimizin fikrincə, adıçəkilən məhbus dəyişikliyi ABŞ və Rusiya arasında müsbət dinamika yaratmayacaq:
“Hətta, ola bilsin ki, münasibətlər daha da gərginləşsin. Bu, sadəcə, soyuqqanlı dəyişiklik idi. Çünki Navalnıdan sonra hamı başa düşürdü ki, digərləri də öldürülə bilər. Qısacası, bu “alver”in münasibətlərə, eləcə də siyasətə heç bir müsbət təsiri olmayacaq”.
Rafi Müslümov
www.yenicag.az