Rusiya-NATO savaşı QAPIDA – Polşadakı situasiya nəyi DƏYİŞDİRƏCƏK?
“Açığı, mən Rusiyanın ikinci cəbhə açmaq niyyətində olduğunu düşünmürəm. Düzdür, xüsusən də ABŞ tərəfindən Rusiyaya yetərli təzyiqin olmaması fonunda Rusiyanın hansısa formada şirnikləşməsi mümkündür. Amma artıq üç ildən də xeyli vaxt keçib ki, Ukrayna bataqlığında ilişib qalan, texnika və silah üçün Şimali Koreya, Çin kimi ölkələrə müraciət edən, əsgər çatışmazlığı səbəbilə Şimali Koreyadan öz ərazilərinə əsgər gətirməyə məcbur qalan Rusiya üçün indi ikinci cəbhənin açılması faktiki olaraq mümkünsüzdür”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Siyasi təhlilçi Rusiyanın bu gecə Polşanın hava sərhədini pozması faktı, habelə Kremlin Ukraynadan sonra Polşada da ikinci cəbhə açmaq niyyətində olması ilə bağlı yayılan iddiaları şərh edib.
O, diqqətə çatdırıb ki, bütün bunlar üçün birinci növbədə maliyyə imkanları lazımdır:
“Müharibə hər zaman çoxlu maliyyə vəsaitinin sərf olunması deməkdir. İkinci növbədə isə bir neçə cəbhədə vuruşmağa qadir olan güclü ordu olmalıdır. İndiyə qədərki proseslər göstərir ki, Rusiya hazırda sanksiyalar səbəbindən həm maliyyə sıxıntısı yaşayır, həm də ordusu o səviyyədə deyil ki, eyni vaxtda bir neçə istiqamətdə müharibə aparmaq imkanına malik olsun”.
“Digər tərəfdən, Polşa NATO ölkəsidir və ikinci cəbhənin məhz NATO üzvü olan bir ölkəyə açılması axmaqlıq olardı. Çünki NATO-nun nizamnaməsinin dördüncü bəndinə müvafiq olaraq, hər hansı bir NATO ölkəsinə hücum birbaşa bütün NATO ölkələrinə hücum kimi qiymətləndirilir və nəticə etibarilə NATO-nun bütün gücü ilə həmin hücum edən tərəfə qarşı konkret addımlar atılmasını şərtləndirir. Bunu bilə-bilə Rusiyanın NATO kimi böyük gücü öz üzərinə çəkməsi faktiki olaraq fəlakətli nəticələrə gətirib çıxara bilər”, – deyə o, əlavə edib.
“O baxımdan, mən düşünmürəm ki, bu, ikinci cəbhəni açmaq cəhdi idi. Rusiya tərəfi dronların onlara məxsus olması ilə bağlı Polşanın hər hansı sübut təqdim etmədiyini bəyan edir. Polşa isə 10 pilotsuz uçuş aparatından üçünü vurduğunu və onların Rusiyaya məxsus olduğunu bildirir. Yenə deyirəm, bu, Polşa ərazisindən Ukraynaya hücum zamanı Polşa sərhədini keçən pilotsuz uçuş aparatlarından söhbət gedir. Bu, böyük ehtimalla ya yanlışlıq nəticəsində baş verib, ya da Ukraynanın silahlanmasında həlledici rol oynayan Polşaya bir mesaj xarakteri daşıyıb”, – deyə müsahibimiz söyləyib.
Analitik onu da diqqətə çatdırıb ki, Avropadan gələn bütün silah, texnika və yardımlar məhz Polşa üzərindən Ukraynaya ötürülür:
“Bu, Polşaya bir hədə mesajı vermək addımı kimi də qiymətləndirilə bilər. Amma yenə deyirəm, bu, heç bir halda Rusiyanın ikinci cəbhə açmaq niyyəti kimi qəbul olunmamalıdır. Bütün bunlara baxmayaraq, hadisə baş verib, Polşanın sərhədləri pozulub və NATO ölkələrinin də buna adekvat olaraq müəyyən qərarlar qəbul etməsi zəruridir. Rusiya ilə bağlı xəbərdarlıq elan olunmasından tutmuş, hansısa istiqamətdə konkret qərarların qəbuluna qədər addımlar atıla bilər. Buraya sanksiyalar da daxildir, digər müxtəlif tədbirlər də. Həmçinin məsələnin BMT Təhlükəsizlik Şurasına çıxarılması və Rusiya ilə bağlı sərt qərarların qəbul olunması da mümkündür”.
“Təbii ki, bu, NATO-nun baş verən hadisəyə nə dərəcədə həssas yanaşmasından asılı olacaq. Təəssüf ki, NATO-nun bir sıra rəsmiləri baş verən hadisəni NATO ölkəsinə hücum aktı kimi qiymətləndirməyin düzgün olmadığını bəyan edir və sərt tədbirlərin görülməsinə ehtiyac olmadığını bildirirlər. Amma istənilən halda bununla bağlı Rusiya tərəfinə müvafiq notalar təqdim olunacaq və belə bir halın təkrar baş verəcəyi təqdirdə nəticələrin necə ola biləcəyi də Rusiyanın nəzərinə çatdırılacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov