Rusiya SWIFT sistemindən çıxarılsın!
Bu barədə Avropa Parlamentinin “Ukraynada vəziyyət və Avropa İttifaqı-Rusiya münasibətlərində bu ölkənin rolu” adlı qətnaməsində bildirilir.
Sənədin müzakirələri zamanı Avropa Parlamentinin üzvləri Avropa İttifaqı ölkələrini Rusiya ilə münasibətlərə yenidən baxmağa, strateji tərəfdaşlıq konsepsiyasından uzaqlaşaraq yeni vahid yanaşma sərgiləməyə çağırıblar. Avropalı parlamentarilər eyni zamanda Rusiyanın SWIFT sistemindən çıxarılmasını tələb ediblər.
Qeyd edək ki, Avropa İttifaqında bu məsələ son günlər tez-tez gündəmə gətirilir. SWIFT – Ümumdünya Banklararası Telekommunikasiyalar Birliyidir. Hər il bu şəbəkə xəttilə 1,8 milyard məlumat ötürülür. Şəbəkə vasitəsilə bir gündə keçən ödəniş tapşırıqları 6 trilyon dollardan yuxarı məbləği əhatə edir. Dünyanın 210 ölkəsindən 10 mindən yuxarı maliyyə qurumu bu şəbəkədən istifadə edir.
2012-ci ilin martında dünyada ilk dəfə olaraq İranın şəbəkəyə girişini məhdudlaşdıran sanksiya tətbiq olunub. Avropalı deputatlar analoji addımın Rusiyaya qarşı da atılmasını istəyirlər. Rusiyada isə Çin kimi özlərinə məxsus şəbəkənin yaradılması təklifləri səslənməyə başlayıb.