“Rusiya-Ukrayna müharibəsi artıq 3 ilə yaxındır ki, davam edir və dəfələrlə bildirilib ki, bu müharibə Ukrayna ərazisində getsə də, əslində, Rusiya-Qərb savaşıdır”.
Bu sözləri Yenicag.az-la söhbətində politoloq Yalçın Hacızadə deyib.
Siyasi təhlilçi Ukrayna prezidenti Volodimir Zelenskinin müharibəni bitirməklə bağlı planının ABŞ-yə göndərilməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenskinin Ukraynanın müharibəni bitirmək planının tamamlandığını açıqlaması bir daha sübut edir ki, bu Rusiya-ABŞ müharibəsidir:
“Ona görə də Zelenski açıqlamasında bildirib ki, Kiyev administrasiyası şərtlərini ABŞ-yə təqdim ediblər. Belə çıxır ki, müharibənin dayandırılmasına ABŞ qərar verməlidir. Görünən isə odur ki, müharibə ABŞ-nin maraqları çərçivəsində başlayıb və heç də Ukraynanın maraqları burada nəzərə alınmayıb.
Zelenskinin müharibənin dayandırılması ilə bağlı narahatlığı anlaşılandır. Ona görə ki, noyabrda ABŞ-də prezident seçkiləri gəlir və o, Donald Trampın seçkiləri qazanmasından çox narahatdır. Çünki Tramp seçki platformasında dəfələrlə açıqlayıb ki, prezident seçilsə, Rusiya-Ukrayna müharibəsinə fərqli yanaşacaq və ABŞ-nin Ukraynaya olan dəstəyini azaldacaq. Bu Zelenskini narahat edən məqamlardan biridir”.
Y. Hacızadə qənaətinə görə, Ukraynanın Kurska son hücumu da onu göstərir ki, onlar danışıqlar ərəfəsində əlini gücləndirmək taktikasını seçib:
“Ruslar bildirir ki, ukraynalılar 1-12 km dərinliyə qədər irəliləyə biliblər, Qərb mənbələri isə yazırlar ki, 48-50 km məsafəsində Ukrayna ordusu Rusiya ərazisinə daxil olub.
Bundan başqa, sülh planı ilə bağlı konkret açıqlama yoxdur. Ona görə də nələrin olacağını bildirmək imkanı yoxdur. Amma hesab etmək olar ki, sülh danışıqlarına başlamaq üçün hər kəs tutduğu ərazilərdə qalma şərti ola bilər. Yəni hər kəs hansı mövqedədirsə, dayanmaqla sülh danışıqlarının şərtlərini dəqiqləşdirmək olar”.
O, hesab edir ki, burada ABŞ strateji olaraq maraqlarına çatmasa da, taktiki olaraq bunu əldə edə bilib:
“Ona görə ki, Birləşmiş Ştatlar müharibədən əvvəl Rusiya-Avropa İttifaqı əlaqələrinin sıxlaşmasından çox narahat idi. O cümlədən Avropa Birliyinin müstəqil qütb kimi meydana çıxması meylləri mövcud idi. Bununla bağlı Fransa, əsasən, müstəqil siyasət yeritməyə çalışırdı. Paris dəfələrlə bildirirdi ki, Avropa Birliyi ABŞ-dən asılı olmamalı və güc mərkəzinə çevrilməli və özünün müstəqil silahlı qüvvələri olmalıdır. Müharibə başlayandan sonra isə ABŞ Avropa İttifaqını öz çətiri altına ala bildi, həmçinin NATO-nu da genişləndirdi. Mənə elə gəlir ki, seçki ərəfəsində danışıqların başlanması ehtimalı böyükdür”.
Rafi Müslümov
www.yenicag.az