Rusiya Dövlət Dumasının Səhiyyə Müdafiəsi Komitəsinin rəhbəri Sergey Leonov qanunvericilik təşəbbüsü ilə çıxış edib.
Yenicag.az TASS-a istinadla xəbər verir ki, təşəbbüsə əsasən, miqrantların tibbi müayinələri yalnız dövlət tibb müəssisələrində həyata keçirilməlidir.
Onun sözlərinə görə, bu dəyişiklik ölkədə infeksion xəstəliklərin, o cümlədən HİV virusunun yayılma riskini azaltmağa kömək edəcək. Leonov bildirib ki, hazırda bir çox miqrant tibbi müayinələrdən formal olaraq keçir və tez-tez özəl klinikalara müraciət edir. Bu da məcburi yoxlamalardan yayınmağa imkan yaradır.
“Bu formal yanaşma təhlükəlidir və ölkə üzrə infeksion xəstəliklərin yayılmasına şərait yaradır”, – deyə deputat müsahibəsində vurğulayıb.
Agentlik yazır ki, təşəbbüsün məqsədlərindən biri də dövlət büdcəsinə daxilolmaların artırılmasıdır. Leonovun fikrincə, miqrantların tibbi müayinələrinin dövlət nəzarətinə alınması pozuntuların sayını azaldacaq və prosesi daha şəffaf və səmərəli edəcək. Bu təklif həm ictimai sağlamlığın qorunması, həm də miqrantların sağlamlığı üzərində nəzarətin gücləndirilməsi istiqamətində mühüm addım ola bilər.
www.yenicag.az