Rusiya təyyarə qəzasının başvermə səbəblərindən yayınmaqda davam edir və yenə də bütün günahı AZAL təyyarəsinin pilotlarının üzərinə atmağa çalışır.
Yenicag.az xəbər verir ki, “Rosaviasiya” bu gün yaydığı bəyanatda ilkin hesabata reaksiya verib və AZAL-ın təyyarəsinin quş dəstəsi ilə toqquşması və oksigen balonunun partlamasına dair yaydığı yalanın “Embraer” ekipajından gəldiyini” bildirib.
Ardınca isə qeyd edib ki, Mahaçqala və Mineralnıye Vodı aeroportlarının təyyarəni qəbul etməyə hazır olmalarına baxmayaraq, ekipaj bu təkliflərdən yararlanmayıb.
“Rosaviasiya” AZAL-ın təyyarə qəzası ilə bağlı hesabatın ilkin xarakter daşıdığını və onun səbəbləri ilə bağlı heç bir nəticənin hələ olmadığını vurğulayıb.
Qurum təyyarənin xarici təsirlər nəticəsində zədələndiyini də etiraf edib.
“AZAL-a məxsus təyyarə xarici təsir nəticəsində zədələnib. Lakin hesabatda Qazaxıstan tərəfinin təyyarədə olan yad obyektləri müəyyən etdiyi əks olunmur, halbuki Rusiyanın indiyədək belə bir imkanı olmayıb, çünki bu elementlər ekspertiza üçün ona verilməyib”.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi (Pantsir-S) vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabat ötən gün yayılıb. Hesabatda təyyarənin Qroznı səmasında kənar müdaxilə nəticəsində ciddi zədə aldığını və bunun nəticəsində qəzaya uğradığını təsdiqlənib./axar.az
www.yenicag.az