“Rusiyanın məqsədi Azərbaycanı yox, Qərbi vurmaqdır”
Seymur Süleymanov: “Azərbaycan Ermənistan kimi əlaltı olmağa meylli deyil”
Politoloq Seymur Süleymanovun “Olaylar”a müsahibəsi
– Rusiya tərəfi TANAP və TAP layihələrinə əngəl olmaq üçün hərəkətə keçib. Digər yanda isə Qərbin bu layihlərə verdiyi dəstək var. Seymur bəy, fikirinizcə bu fonda Rusiyanın çalışmaları hansı nəticəni verə bilər?
– Azərbaycanın iqtisadi inkişafı bölgə üçün xüsusi əhəmiyyətə malikdir. Ölkəmizin Cənubi Qafqazda həyata keçirdiyi beynəlxalq enerji layihələri də region ölkələri baxımından vacibdir. Xüsusilə son zamanlarda bölgə ilə yanaşı, Qərbində TANAP və TAP kimi layihələrə marağı artıb. Qərb Rusiyaya qarşı ağırlaşdırılmış sanksiya siyasətini davam etdirir. Lakin bu siyasəti Rusiyaya paralel olaraq, bumeranq effektilə özünə də xətər yetirəcək. Çünki ortada Avropa ölkələrinin Rusiyadan 65% enerji asılılığı kimi ciddi faktor var. Qərbin məqsədi Rusiyadan olan qaz asılılığını azaltmaqdır. Bunun üçün Qərb iqtisadi inkişaf etmiş ölkələrə üz tutur. Məsələn, Azərbaycanın 2 trilyon kubmetrə qədər qaz ehtiyatı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaya bilər. Qərb Azərbaycanın bu imkanını dəyərləndirmək niyyətindədir. Nəticədə Azərbaycanın liderliyindəki TANAP kimi proyektlərə dəstək nümayiş etdirir. Bu, Rusiyanın maraqlarına cavab vermir. Rusiyanı bu məsələdə hədəfi Azərbaycanı yox, Qərbi vurmaqdır. Əgər Qərb layihələrdə maraqlı olmasaydı, Rusiya kənarda dayanacaqdı. Mövcud reallığa baxanda Rusiyanın TANAP-a dəstək verməsi lazımdır. Çünki, Moskvanın nə planlaşdırmasından asılı olmayaraq, layihə reallaşacaq. Ümumiyyətlə Rusiyanın bu məsələdə hansı mövqeni tutması heç kəsi maraqlandırmır. ABŞ-ı maraqlandırır ki, TANAP kimi layihələrə dəstək verməklə Avropanı Rusiyanın qaz şantajından xilas etsin. Rusiya da buna cavab olaraq, “Türk axını” layihəsini işə salmağa çalışır. Vaşinqton isə bu layihəyə dəstək verən Yunanıstan və Makedoniya kimi ölkələrə təzyiqlər edir. Burada söhbət Rusiya – Qərb qarşıdurmasından gedir. Azərbaycana isə bu çəkişmədən zərər görməyəcək.
– Abbas Abbasovun Türkiyəyə Rusiyadakı müəyyən siyasi dairələr tərəfindən göndərildiyi iddia edilir. Yayılan məlumatlara əsasən, o, Ankarada TANAP layihəsinin əngəlləməyin yollarını axtarır. Bir müddət əvvəl onun “AzerRos”dan çıxarılması bununla əlaqəli ola bilərmi?
– Məlumdur ki, Putinin qondarma soyqırımın 100 illiyi ilə əlaqədar Ermənistana getməsi, Rusiya – Türkiyə əlaqələrində gərginlik yaratdı. Nəticədə Kreml əlaqələri normallaşdırmağın yolarını axtarmağa başladı. Abbas Abbasovu də Rusiyadakı müəyyən siyasi dairələr həm bu, həm də “Türk axını” layihəsi çalışmaları üçün Ankaraya göndəriblər. Abbasovun Kremlin ruporu olmasını nəzərə alsaq, onun Ankaraya gedib burada bəzi dairələrlə əlaqəyə girmək cəhdləri normaldır. Əgər Abbas Abbasov həqiqətən Ankarada TANAP layihəsini əngəl yaratmağa çalışırsa, bunun tapşırığı Kremldən verilib. Əgər Rusiya “Türk axını”nı reallaşdıra bilsə, bu Qərbə ağır zərbə olacaq. Abbas Abbasovun “AzerRos”dan bu məqsədlə çıxarılmasına isə, inanmıram. Abbasov o qədər nüfuzlu şəxs deyil ki, hansısa prosesə təsir edə bilsin. Sadəcə olaraq, Rusiyadakı dairələr öz maraqlarının təmini yollarını axtarırlar.
– Ümumiyyətlə son zamanlarda Rusiyadan Azərbaycanın əleyhinə səsləndirilən fikirlərin sayı artıb. Halbuki, Azərbaycan tərəfindən Rusiyanı qıcıqlandıracaq hansısa addım atılmır. Bunu nə ilə əlaqələndirirsiniz?
– Azərbaycan yürütdüyü xarici siyasətində balansı qorumağı bacarır. Həmin siyasətdə Rusiya və Qərbə eyni münasibət göstərilir. Rusiyadan Azərbaycana qarşı verilən mesajlara gəlincə, hesab edirəm ki, bu son zamanlarda ölkəmizin bölgədə reallaşdırdığı beynəlxalq layihələrlə əlaqədardır. Təbii ki, Azərbaycanın belə məsələlərdə müstəqil siyasət yürütməsi bir çox Qərb dövlətləri kimi Rusiyanı da qıcıqlandırır. Lakin hansı tərəfin nə düşünməsindən asılı olmayaraq, Azərbaycan öz maraqlarını qorumağa çalışır. Rusiyanı anlamaq çətindir. Rusiya başa düşmür ki, Azərbaycan Ermənistan kimi əlaltı olmağa meylli deyil.
– Seymur bəy, bəs ABŞ və Rusiya çəkişməsində Azərbaycanı yeri hardadır?
– Azərbaycanın yeri haqq-ədalətin yanıdır. Azərbaycan bu gün baş verən proseslərin fonunda tərəf seçmək niyyətində deyil. Lakin istər strateji mövqeyi, istərsə də sahib olduğu iqtisadi potensialı ilə Azərbaycan qlobal güclərin maraq dairəsindədir. Həmin güclər Azərbaycanı yanında görmək istəyir.