“Heç kim gözləmirdi ki, bu boyda itkilərin qabağında Rusiya hökuməti davam gətirəcək”.
Bu sözləri Rusiya-Ukrayna müharibəsində yaranmış vəziyyəti və savaşın perspektivini şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.
Tərlan Eyvazov bildirib ki, Rusiyada hələ də Stalin, Jukov metodlarından istifadə olunur:
“Qərb bu miqyasda müharibə gözləmirdi. Heç bir Qərb ölkəsi İkinci Dünya müharibəsindən sonra belə dəhşətli müharibənin baş verəcəyini təxmin etmirdi. Ona görə də o demokratiyanın fonunda bütün hakimiyyətlər yalnız öz seçicisinə hesablanmış addımlar atırdı. Seçicilərinin sosial rifahını yaxşılaşdırmaq üçün hərəkət edirdilər. Bu səbəbdən, hərbi sahəyə diqqəti azaltmışdılar.
Böyük Britaniya kimi ölkənin bu gün 75 minlik, Azərbaycanın isə 100 minlik ordusu var. Putin bunları bildiyi üçün Qərbi cəzalandırmaq məqsədilə Ukraynaya hücum etdi. Çox da əmin idi ki, Ukraynanı qısa zamanda nəzarətə götürəcək. Lakin bu baş vermədi. Heç kim gözləmirdi ki, bu boyda itkilərin qabağında Rusiya hökuməti davam gətirə biləcək. Putin əldə olan imkanları cəmləşdirib hərbi potensialını yenidən gücləndirməyə başladı.
Müharibənin ilk vaxtlarında rus ordusunun avanqard hissələri sıradan çıxdı. İndiki hərbi hissələrin onlar qədər potensialı olmasa belə, yenə də ən azı quru qoşunları kimi döyüşməyi öyrəniblər. Rusiya silah arsenalını da qaydasına qoyub. İstər İrandan, istərsə də Şimali Koreyadan silah almaqdan əlavə, özləri də istehsalı artırıblar.
Ancaq düşünmürəm ki, 6 ay ərzində yalnız bir yaşayış məntəqəsini ala bilən ordu eyni gedişlə digər məntəqələri də nəzarətə götürüb Xarkova, yaxud Kiyev istiqamətinə yolu aça bilsin. Bu mümkün görünmür və çox böyük qırğınlara gətirib çıxara bilər. Görünən odur ki, həm Navalnı hadisəsi, həm daxildə müxaliflərə divan tutulması, xaricdə Rusiyaya qarşı çıxanların aradan götürülməsi hansısa tələskənlikdən xəbər verir. Putin hətta ən zəif rəqiblərini belə seçkiyə buraxmadı. Deməli, daxildə nələrsə baş verir.
Faktik olaraq, Qərb Ukraynaya yardım edir. Bu olmasaydı, Ukrayna, ümumiyyətlə, müqavimət göstərə bilməzdi. Ukrayna Rusiya kimi çevik olmasa da, silah arsenalını genişləndirmək üçün hərbi zavodlarını yenidən işə salır. Çox güman ki bununla silah-sursat istehsalını tənzimləyə biləcək.
Zalujnının vəzifədən getməsini isə heç də qeyri-adi hal hesab etmirəm. Məsələ ondadır ki, siyasi rəhbərliklə hərbi rəhbərlik vəhdət təşlik etməlidir. Əgər onlar arasında fikir ayrılığı varsa, Zelenski bu qərarı verməli idi. Digər tərəfdən, Zalujnı ilə Qərb arasında da müəyyən anlaşılmazlıqlar vardı. Onların razılığı olmadan Zalujnını kənarlaşdırmaq olmazdı. Rusiyada hələ də Stalin, Jukov metodlarından istifadə olunur. Onlar yalnız “ət” hesabına irəli gedirlər. Bu isə müharibə deyil”.
Səxavət Məmməd
www.yenicag.az