!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ruslar bu şəhərə hücumlarını artırır – “Zelenskinin bundan başqa çarəsi qalmayacaq”

!Reklam – Yazi

“Ukrayna cəbhəsində hazırda vəziyyət kritikdir. Çünki Ukraynanın avqust ayında Kursk vilayətinin təxminən 1300 kv.km ərazisini ələ keçirdikdən sonra hansısa ciddi irəliləyiş əldə etməyib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

Siyasi təhlilçi Rusiyanın Ukrayna cəbhəsində yeni hədəfi olan Kupyanskın yenidən işğal edilməsi ilə bağlı başlatdığı əməliyyatları analiz edib.

O xatırladıb ki. Rusiya tərəfinin verdiyi məlumatlara görə, ruslar Kursk vilayətinin bir neçə kəndini geri alıblar:

“Digər cəbhələrdə – Donbas və Xarkov istiqamətində də əsas üstünlük müəyyən mənada rusların tərəfindəndir. Bu ayın əvvəlində isə ruslar strateji cəhətdən əhəmiyyətli olan Vuqledar şəhərini ələ keçirdilər. Eyni zamanda, Pokrovsk istiqamətində də aramsız hücumlar davam etməkdədir və orada da ukraynalı hərbçilər hər an mühasirə ilə üzləşə bilərlər. Bundan başqa, Xarkov vilayəti istiqamətində də vəziyyət heç də ukraynalıların lehinə deyil. Artıq Kupyansk şəhərinin evakuasiyasına başlanılıb. Çünki ruslar artıq bu şəhərə fokuslanıb və son bir neçə gündür ki, Kupyansk ətrafında şiddətli döyüşlər baş verir. Ukrayna tərəfinin verdiyi məlumatlara görə, son 24 saatda Kupyansk ətrafında 19 döyüş baş verib ki, onların bəziləri hələ də davam etməkdədir. Bütün bunlar cəbhədəki vəziyyətin Ukraynanın əleyhinə olduğunun göstəricisidir”.

“Aydın məsələdir ki, Rusiya ordusu dünyanın ikinci ən güclü ordusu hesab olunur. Eyni zamanda ərazi, əhali və texnika cəhətdən Rusiya Ukraynadan qat-qat üstün bir ölkədir. Bu şərtlərdə Ukraynanın Rusiyaya qarşı hərbi yardım olmadan müharibəni davam etdirməsi qeyri-mümkündür. Qərbin Ukraynaya dəstəyi davam edir, amma əvvəlki səviyyədə intensiv deyil. İkincisi, hava hücumundan müdafiə sistemləri, təyyarələr lazımi qədər verilmir. Nəhayət üçüncüsü isə Rusiyanın dərinliklərinə zərbələr endirilməsinə Ukraynaya icazə verilmir”. – o, əlavə edib.

S. Zahidovun dediyinə görə, digər tərəfdən, noyabrın 5-də ABŞ-də baş verəcək prezident seçkiləri istər-istəməz Rusiya-Ukrayna müharibəsinin gələcəyinə təsir göstərəcək bir amildir:

“Əgər Tramp həmin seçkilərdə qalib gələcəksə, fərqli siyasət, Kamala Harris isə qalib gələcəksə, indiki siyasət davam etdiriləcək. Belə olan halda, sözsüz ki, Ukraynanın aqibəti müəmmalı olacaq. Çünki Tramp qalib gələrsə, Kiyevə edilən dəstəyin sayında kifayət qədər azalmaların olması istisna edilmir.

Sülh sazişi ehtimallarına gəldikdə isə inanmıram ki, Zelenski sülh sazişi imzalasın. Çünki Ukraynada bu günə kimi 100 minlərlə döyüşçü həlak olub. Rusiyanın şərtləri ilə sülh sazişinin imzalanması həlak olan döyüşçülərin ruhuna, ümumiyyətlə isə xalqın iradəsinə zidd bir addım olacaq ki, Zelenski belə bir səhv etməz. Amma müvəqqəti atəşkəs imzalana bilər”.

“Bilirik ki, 2008-ci ildə Rusiya Gürcüstana daxil olandan və Abxaziya ilə Cənubi Osetiyanı tam şəkildə Gürcüstandan qopardıqdan sonra iki ölkə arasında atəşkəs imzalansa da, sülh hələ də imzalanmayıb. Yəni sülh sazişinin imzalanması üçün adətən, uzun bir vaxt lazım olur. İndiki halda isə Ukraynanın cəbhədəki ağır vəziyyətini, eləcə də ABŞ-də Trampın hakimiyyətə gəlmə ehtimallarını nəzərə alanda, düşünürəm ki, Zelenskinin müvəqqəti atəşkəs imzalamaqdan başqa çarəsi olmayacaq. Müvəqqəti atəşkəsin də məqsədi isə yeni bir geosiyasi konyunktura yetişənə qədər gözləməkdir. Yəni Rusiyada yeni hakimiyyət gələnə, yaxud Ukraynaya olan dəstək tam şəkildə bərpa olunana və ya Ukrayna NATO-ya qəbul olunana qədər Kiyev gözləyə bilər. Burada amillər çoxdur, amma Ukrayna üçün ən rasional seçim müvəqqəti atəşkəsi imzalamaqdır ki, ruslar da buna razı olmalıdırlar”, – o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv