“Ruslar elə bilirdi ki, Qarabağ toxunulmaz bir yerdir və oranı onlara tapşırıblar. Ancaq bunun əksini gördülər”.
Bunu Qarabağ ətrafında günlərin hərəkətli keçməsi və Azərbaycan XİN rəhbərinin Moskva səfərini şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.
Elşad Musayev bildirib ki, Azərbaycan ruslara ərazinin kimə aid olduğunu başa saldı:
“Qarabağ ətrafında proseslər davam edir. Müəyyən qədər gərginlik var. Təbii ki, bir tərəfdən hərəkətlilik olduğu kimi, bir tərəfdən də danışıqlar getməlidir. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun Moskvadakı görüşü təbii haldır. Azərbaycan heç bir görüşdən qaçmamalıdır. Müxtəlif müstəvilərdə görüşməliyik. Görüşdə xoşagəlməyən bir hadisə Lavrov qapıdan keçərkən Ceyhun Bayramovun arxada qalması oldu. Bu da Lavrovun tərbiyəsizliyidir.
Ekologiya və Təbii Sərvətlər nazirliyinin və digər qurumların Xankəndidə monitorinq keçirməsi ilə bağlı cəhdi müsbət haldır. Açıq-aşkar hiss olunurdu ki, ruslar bunu gözləmirdi. Ruslar elə bilirdi ki, Qarabağ toxunulmaz bir yerdir və oranı onlara tapşırıblar. Bizimkilər onlara göstərdi ki, bura Azərbaycan torpağıdır. Xankəndi Azərbaycanın ayrılmaz hissəsidir. Ora elektirik, neft, qazı Azərbaycandan getməlidir. Bu istiqamətdə işlər gedir.
Azərbaycanın əlinin gücləndirilməsi üçün Türkiyə hərbçiləri ilə Azərbaycan hərbçilərinin birgə təlimləri həyata keçirilir. Bunun özü də müsbət haldır. Təlimlər cənub sərhədlərimizdə keçirilir. Bu hərbi təlimlər Azərbaycan ordusunun müdafiə qabiliyyətini göstərir. Hərbi təlimlər həm də Türkiyə ilə Azərbaycanın müdafiə sahəsində birgə olduğunu nümayiş etdirir. Eyni zamanda bu düşmənlərə gözdağıdır”.
Səxavət Məmməd
www.yenicag.az