Ruslar Krımda millət vəkilinin oğlunu oğurlayıb
BMT TŞ Ukrayna ilə bağlı xüsusi qətnaməni martın 15-də qəbul edəcək
Martın 13-dən Krımda daha 3 Avromaydan fəalı yoxa çıxıb. Onlardan biri Ali Radanın üzvü Anatoli Qrisenkonun oğludur. Qritsenko media təmsilçilərinə deyib ki, oğlu və onunla bərabər olan daha iki nəfərlə əlaqə saat 23.00-dən kəsilib. Şahidlər onların avtomobilini 3 “Cip”in təqib etdiyini, bir neçə dəfə atəş açıldığını deyir. Mobil telefon siqnalları ilə müəyyən etmişik ki, onları Simferepolda Rusiya silahlılarının nəzarət etdiyi hərbi komissarlıq binasına aparıblar. Ancaq komissarlıqda bunu təkzib edirlər”.
Qeyd edək ki, bu, Krımda son həftə baş verən 8-ci insan oğurluğu hadisəsidir. Bundan öncə aralarında həbsçilər də olan 7 nəfər oğurlanıb.
Martın 14-də Aluştada (Krım) Xarici Kəşfiyyat Xidmətinin (XKX) yerli bölməsinə basqın olub. Özünü Krımın baş naziri elan edən Aksenova tabe olan təxminən 50 nəfər silahlı şəxs kəşfiyyatçılardan silahlarını təhvil vermələrini tələb edib. Xəbəri unian.net-ə Ukrayna Hərbi-siyasi araşdırmalar xidmətinin rəhbəri Dmitri Tımçuk verib.
Tımçuk bildirir ki, kəşfiyyatçılar heç bir qarşıdurmaya yol verməyərək binanın önündə barrikada yaradaraq silahlıların içəriyə girməsinə imkan verməyiblər. Silahlılar hələ də XKX-nin ərazisindədirlər.
Martın 15-də BMT Ukrayna ilə bağlı xüsusi qətnaməni müzakirəyə çıxaracaq. Qətnamə layihəsinin müəllifi Amerika Birləşmiş Ştatlarıdır. Bu haqda yerli mediaya ABŞ-ın BMT-dəki təmsilçisi Samanta Pauer bilgi verib.
S.Pauerin sözlərinə görə, sənəddə ölkənin ərazi bütövlüyünün toxunulmazlığı ilə yanaşı dünya dövlətlərinə Krımda keçiriləcək referendumun nəticələrini tanınmamaq çağırışı da var: “Bu qətnamə Rusiyanın dünya birliyindən təcrid olunması üçün çox ciddi sənəd olacaq. Əgər sənəd qəbul olunana qədər Rusiya qoşunlarını Ukrayna ərazisindən çəkərək dislokasiya yerlərinə qaytarmasa dünya dövlətləri səsvermə hüququndan istifadə etməklə bu layihəni qəbul etməlidirlər. Ancaq ABŞ yenə də Rusiyanın Təhlükəsizlik Şurasının 14 üzvünün mövqeyini nəzərə alacağına ümidimizi itirməmişik”.
Qeyd edək ki, BMT qətnaməni Krımda referendum keçirilməzdən bir gün öncə – martın 15-də müzakirəyə çıxaracaq. ABŞ-ın BMT-dəki təmsilçisi onu da deyib ki, sənəddə Çinlə bağlı xüsusi məqam da qeydə alınacaq: “Aydındır ki, Çin bir çox məqamlarda Rusiyanın mövqeyini açıq müdafiə edir. Müzakirə edəcəyimiz məsələyə gəlincə, Çin dövləti xarici təcavüzü pisləsə də Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı konkret fikir bildirmir. Sənədin hazırlanmasında bu məqam nəzərə alınacaq”.
musavat.com