“Sabah” qrupuna qəbul olan tələbələrlə görüş keçirilib
Sentyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “SABAH” qruplarına qəbul olunmuş tələbələr ilə görüş keçirilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə ADİU-nun rektoru, professor Ədalət Muradov ilk “SABAH”çıları təbrik edib, onlara təhsildə nailiyyətlər arzulayıb.
Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov qeyd edib ki, “SABAH” qruplarına qəbul olunan 738 tələbədən 225-i təhsilini bu qruplarda davam etdirmək üçün ADİU-nu seçib.
Bildirilib ki, Azərbaycan Dövlət İqtisad Universitetində “SABAH” qrupları üçün müasir dərs metodlarına cavab verən 10 auditoriya yaradılıb. Dərs otaqlarında quraşdırılmış xüsusi aparatlar vasitəsilə tələbələrin elektron qeydiyyatı aparılacaq. Bununla da tələbələrin dərsə davamiyyəti barmaq izləri ilə yoxlanacaq. Auditoriyaların girişindəki planşetlərdə dərs haqqında interaktiv məlumat əldə etmək mümkün olacaq.
Eyni zamanda, tələbələr dəhlizlərdə quraşdırılan xüsusi lövhələrdə ölkənin ən son iqtisadi xəbərlərini daim izləyə biləcəklər.
“SABAH” qruplarında təhsil alacaq regionlardan gəlmiş tələbələr yataqxana və pulsuz yeməklə təmin olunacaqlar. Bu qruplarda dərs deyəcək müəllimlərin seçimi xüsusi qaydada aparılıb.
Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.
“SABAH” qrupları ölkədə fəaliyyət göstərən 34 ali təhsil müəssisəsinin birinci kurs tələbələrindən ibarət 53 ixtisas üzrə formalaşdırılıb. ADİU-nun “SABAH” qruplarında tələbələrdən 60-ı maliyyə, 30-u dünya iqtisadiyyatı, 44-ü uçot iqtisad, 16-sı menecment, 28-i sənayenin təşkili və idarəedilməsi, 18-i iqtisadiyyat, 13-ü biznesin idarəedilməsi, 9-u marketinq, 7-si isə kommersiya fakültəsinə daxil olub. (azertag.az)