İki həftə öncə “İmprotex Motors” şirkəti Bakıda dəbdəbəli “Rolls-Royce Phantom Tranquillity” avtomobilinin təqdimatını keçirib. Həmin vaxt “İmprotex Motors” şirkətinin baş direktoru Bayram Yaqubov yerli KİV-ə açıqlamasında bu model avtomobilin məhdud sayda istehsal edildyini bildirib: “Biz fəxr edirik ki, ilk dəfə belə unikal xarakteristikaya malik avtomobil Azərbaycan yollarına çıxacaq”.
Yenicag.az Qaynarinfo-ya istinadən xəbər verir ki, “Rolls-Royce Phantom Tranquillity” avtomobilinin konstruktorları onu yaradarkən Britaniyanın “Skylark” raketinin proqressiv texnologiyasından faydalanıblar. Avtomobilin interyerində kosmik raketlərin istehsalında istifadə olunan bir sıra elementlər, paslanmayan polad və 24-karatlıq qızıl istifadə olunub. Habelə 1906-cı ildə İsveçin Kiruna şəhərinə düşmüş “Muonionalust” meterotinin bir parçasının bədii işlənməsi salonda yer alır.
Cəmi 25 ədəd buraxılan “Rolls-Royce Phantom Tranquillity” modelinin qiyməti isə sözün həqiq mənasında fantastikdir. Belə ki, gömrük rüsumları və digər xərcləri nəzərə almaqla həmin model ölkəmizdə nə az, nə çox, düz 1 milyon dollara (təxminən 1 milyon 700 min manata) satılıb. Həmin alıcının kimliyi bəlli deyil.
Qaynarinfo-nun araşdırmasına görə, Azərbaycanın ilk rəsmi avtomobil idxalçısı “İmprotex Motors” şirkəti 1998-ci ildə yaradılıb və əsas fəaliyyəti premium sinif avtomobillərlə bağlıdır. Rəsmi və eksklüziv idxalçı qismində “İmprotex Motors” Azərbaycanda BMW, BMW Motorrad, MINI, Rolls-Royce Motor Cars və Yamaha kimi dünya şöhrətli brendləri təmsil edir.
“İmprotex Motors” BMW AG Konserninin Azərbaycanda rəsmi idxalçısı kimi fəaliyyətə başlayıb. Nazir olduğu dövrlərdə şirkəti sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun həyat yoldaşı İradə Ələkbərova və oğul Vüqar Ələkbərov idarə etsə də, keçmiş nazirin dostu olduğu deyilən Həsən İsmayılovun adına rəsmiləşdirilib.
Şirkət sabiq əmək və əhalinin sosial müdafiəsi nazirinin “binzes imperiyasına” daxildir. Belə ki, keçmiş nazir 1991-ci ildə “İmprotex” şirkətini yaradıb, sonradan isə bu şirkət holdinqə çevrilib. Hazırda “İmprotex Group” kimi tanınır. İlk vaxtlar şirkət Azərbaycanda və keçmiş sovet respublikalarında yalnız ölkə daxilinə turizm turları təşkil edib. Maraqlıdır ki, bu fəaliyyət az müddət davam edib, sonradan şirkət biznesin müxtəlif sahələrində işə başlayıb.
Şirkət sadə turların təşkilatçılığından baş ofisi Bakıda yerləşən, BƏƏ və Çində nümayəndəliyi olan çoxşaxəli bir korporasiyaya qədər inkişaf yolu keçib. Xüsusilə F.Ələkbərobvun nazir olduğu dövrdə fəaliyyəti sürətlə çiçəklənən holdinq Azərbaycanda ilk özəl avia şirkətin – “İmair”in də yaradıcısıdır.
Ələkbərovun “vurulmasından” sonra “İmprotex Group”un bazardakı mövqeləri zəifləməyə başlayıb. Son illərdə isə xüsusilə holdinqə daxil olan “İmprotex Motor” sürətlə güclənməkdədir.
ö
Ələkbərov bu şirkət xətti ilə Azərbaycana məşhur avtomobil markalarının son modellərini gətirir. Həmin avtomobvillərin qiyməti bir neçə yüz min manatdan başlayır. Keçmiş nazir hətta ABŞ-dan Azərbaycana bahalı traktorların idxalını da həyata keçirir.
Onun son olaraq 1 milyon dollar dəyərindəki dəbdəbəli “Rolls-Royce Phantom Tranquillity” avtomobilini kimə satdığı bəlli olmasa da, şirkətinin əsas müştərilərinin yüksək çinli vəzifəli şəxslər və iri biznesmenlər, eləcə də onların övladları olduğuna şübhə yoxdur.
Xatırladaq ki, 61 yaşlı F.Ələkbərov 2006-2013-cü illərdə əmək və əhalinin sosial müdafisəi naziri vəzifəsində çalışıb. O, oğlu Vüqar Ələkbərovun yol verdiyi nöqsana görə vəzifəsindən azad olunmuşdu. Belə ki, 2013-cü il yanvarın 23-də İsmayıllı rayonunda (həmin vaxtı İsmayıllının icra başçısı olan Nizami Ələkbərov Füzuli Ələkbərovun qardaşı idi – red.) Vüqar Ələkbərov “Hummer” markalı maşınla yerli sakinin maşınını vuraraq qəza törətmiş, daha sonra isə qəzaya düşərək yaralanmış sakini öz dostları ilə birlikdə döyməyə başlamışdı.
Rayon sakinləri buna mane olmağa çalışsa da, V.Ələkbərov və dostları camaatın ünvanına təhqiramiz ifadələr işlətmişdilər. Bundan sonra rayonu etiraz bürümüşdü: qəzəblənən sakinlər həmin şəxsləri döymüş, Vüqar Ələkbərova məxsus olan “Çıraq” hotelini və “Hummer” markalı maşını yandırmışdılar.
Baş verənlər ölkədə ciddi rezonans doğurmuş, nəticədə nazirin özü və həmin rayonun icra başçısı olan qardaşı tutduğu vəzifədən azad olunmuşdu.