Şahanə: “Azərbaycanda “öpüş”, “yataq” səhnələrinə qarşı olan pis stereotipləri qırmaq lazımdır” – VİDEO

“Azərbaycanda “öpüş”, “yataq” səhnələrinə qarşı olan pis stereotipləri qırmaq lazımdır”.

Bunu “Əqrəb mövsümü” serialında öpüşmə səhnəsinə görə tənqidlərə tuş gələn aktrisa Şahanə Rzayeva Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa onu tənqid edənlərə səslənib:

“Öpüş səhnəsinə qalanda insanların mənim oynadığım obraz haqqında bildirdikləri tənqidi qəbul edirəm, pis rəylərə isə baxmıram. Azərbaycanda “öpüş”, “yataq” səhnələrinə qarşı olan pis stereotipləri qırmaq lazımdır. O stereotiplər olduğu müddətdə bu cür pis rəylər normaldır. Mən təklif edərdim, o pis rəy yazanlar oturub serialı izləsinlər..

Partnyorum Əli haqqında demək istəyirəm ki, yaxşı ki o insanla sənətimiz kəsişib… Çox istedadlı, peşəkar, sənətinə aşiq, yaradıcılığından da o tərəfə çox möhtəşəm insandır. Ailəsini də tanıyıram və hörmətim sonsuzdur.

Sənətimi çox sevirəm. Hər zaman da sənətim üçün çalışıram və çalışacağam.

Yadınızdadırsa, mən sizə “Əqrəb mövsümü” serialı çəkilməmişdən öncə müsahibə vermişdim və qeyd etmişdim ki, möhtəşəm bir serial gələcək. O səhnə ilə də bağlı vurğulamışdım ki, Azərbaycan tamaşaçısının sərt reaksiya verəcəyindən əminəm. Nəzərinizə çatdırım ki, serialı izləyənlərin 99 faizi, ümumiyyətlə, bu səhnə ilə bağlı pis rəy yazmayıb. Çünki serial, həqiqətən də, Azərbaycanda çəkilmiş- hələ ki – ən keyfiyyətli işlərdən biridir”.

Qeyd edək ki, aktyor Əli Əlizadənin həmkarı Şəhanə Rzayeva ilə öpüşdüyü kadr sosial şəbəkədədə müzakirə olunub. Aktrisanı buna görə tənqid atəşinə tutanlar da olub, normal qəbul edənlər də.

Cəvahir