Sahildə iki qadının CƏSƏDİ TAPILDI – “Həmçinin 30-dan çox...”
Yunanıstanın sahil mühafizə xidməti Egey dənizində yerləşən kiçik Farmakonisi adasında iki qadının cəsədini aşkarlayıb. Adada, həmçinin 30-dan çox miqrant tapılıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Yunanıstan sahil mühafizəsinə istinadla məlumat yayıb.
Ümumilikdə 39 miqrantın Farmakonisidə olduğu bildirilir. Hadisənin detalları və qadınların ölüm səbəbi ilə bağlı araşdırma aparılır. Məlumata görə, miqrantlar 14 aprel tarixində Türkiyə sahilindən cəmi 9,7 kilometr uzaqlıqda yerləşən Farmakonisi adasına çatıblar. Onlar sonradan qonşu Lerosa adasına köçürülüblər.
Qeyd edək ki, Yunanıstan uzun illərdir Avropaya keçmək istəyən miqrantların əsas marşrutlarından biri sayılır. 2015-ci ildə ölkənin adalarına təxminən bir milyon insan ayaq basmışdı. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyinin məlumatına əsasən, 2024-cü ildə Yunanıstana 54 minə yaxın miqrant daxil olub ki, bu da Cənubi Avropada İtaliyadan sonra ikinci yerdədir. Miqrantların əksəriyyəti dəniz yolu ilə gəlib.