Şahin Mustafayev Yaponiya rəsmisi ilə görüşdü
Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Yaponiya Nazirlər Kabinetinin müşaviri, İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyində Emaledici sənaye bürosunun baş direktoru Atsuo Kurodonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının səmərəli fəaliyyəti ölkələr arasında əlaqələrin inkişafında önəmli rol oynayır: “Hazırda Azərbaycan Yaponiya ilə neft-qaz, energetika, maliyyə və investisiya sahəsində əməkdaşlıq edir. Son zamanlar Yaponiya şirkətləri Azərbaycanda qeyri-neft sektoruna maraq göstərir”.
Ş. Mustafayev ölkəmizdə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin yaradıldığını və bu sahədə Yaponiyanın “Marubeni Corporation” şirkətinin Azərbaycan tərəfinə məsləhət xidməti göstərdiyini qeyd edib. Azərbaycan tərəfi Yaponiya İxrac Bankının da ölkəmizdə fəaliyyətini dəstəkləyir. Ölkələrimiz arasında əlaqələrin inkişafı üçün geniş potensial var. Azərbaycanda sənaye parklarının fəaliyyətinin tam təşkili istiqamətində işlərin aparıldığını vurğulayan Ş. Mustafayev sənaye parklarında Yaponiya şirkətlərinin iştirakı və bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib. Bundan başqa, kənd təsərrüfatı məhsullarının emalı və qablaşdırılması, iş adamları arasında əlaqələrin intensivləşdirilməsi, bu sahədə Azərbaycan və Yaponiyanın ixracın və investisiyaların təşviqi qurumları arasında əməkdaşlıq üçün geniş imkanlar var. “Azərbaycan Hökuməti və Yaponiya Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”in imzalanması iqtisadi əlaqələrin gələcək inkişafı baxımından əhəmiyyətlidir və bu sahədə işlərin sürətləndirməsi məqsədəuyğundur. Artıq saziş layihəsi Yaponiya tərəfinə təqdim edilib.
Görüşdə Ş. Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin qazandığı uğurlar barədə məlumat verib, Azərbaycanın regionun aparıcı ölkəsi olduğunu vurğulayıb.
A. Kurodo Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edib, ölkəmizə səfər zamanı keçirəcəyi görüşlərin əlaqələrimizin inkişafı baxımdan əhəmiyyətli olacağını vurğulayıb. Yaponiya-Azərbaycan əlaqələrinin inkişafı üçün geniş imkanların olduğunu bildirən A. Kurodo iş adamları arasında əlaqələr daha da genişləndiriləcəyi təqdirdə Yaponiya İnvestisiya Bankının bu əməkdaşlığa dəstək göstərə biləcəyini qeyd edib. Yaponiyalı qonaq iş adamları arasında əlaqələrin genişləndirilməsi baxımından 2015-ci ildə yapon iş adamları üçün Azərbaycan iqtisadiyyatı barədə seminarın təşkili niyyətində olduqlarını da bildirib.